Kütləvi epidemiya da yayıla bilər

Ziyanlı, qadağan olunmuş sularda çimmək təhlükəlidir
Bağırsaq çöplərinin aşkarlandığı çimərlikdən uzaq durun!



Çimərlik mövsümünə az müddət qalır. Ənənəvi olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərin vəziyyəti ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb. Gözlənildiyi kimi dəniz suyunun normadan artıq çirklənməsi müşahidə olunan çimərliklər var. Artıq nümunəvi çimərliklərin yaradılması ilə bağlı işlərə də başlanıb. Bununla bağlı hüquqi sənədlər qəbul olunma ərəfəsindədir.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
O qeyd edib ki, Səbail rayonunun "Şıx” çimərliyində və Qaradağ rayonunun Sahil qəsəbəsində dəniz suyundan nümunələr götürülüb.

"Həmin ərazilərdə dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib, bağırsaq çöpləri aşkarlanıb. Digər ərazilərdə də araşdırmalar davam edir və iyunun 15-i çimərlik mövsümünün açılışına qədər işlər bitəcək, nəticələr açıqlanacaq”.

Qadağan olunan çimərliklərə xüsusi lövhələr vurulmalıdır

RGEM-nin hər il monitorinqlərin nəticələrini açıqlamasına baxmayaraq, əhalinin qadağan olunmuş ərazilərdəki çimərliklərə getməsi yenə də müşahidə olunur. Sanki əhali bu xəbərdarlıqlardan bixəbərdir və ya sağlamlığını heçə sayır.

RGEM istifadəsi məsləhət görülməyən çimərliklərə əhalinin gedişini önləmək üçün hansı addımları atmalıdır? Bu çimərliklərə xəbərdarlıq lövhələrinin vurulması hansı qurumun vəzifəsidir?

"Şərq”in sualını cavablandıran RGEM-nin şöbə müdiri Ziyəddin Kazımov bildirdi ki, monitorinqlərin yekun nəticəsi bəlli olduqdan sonra sahibkarlara, yerli icra orqanlarına təqdim olunacaq:

- Sahibkarın da, yerli icra orqanlarının da vəzifəsi istifadəsi qadağan olunan çimərlikdə xəbərdarlıqedici lövhələrin vurulmasını təmin etməkdir. RGEM belə lövhələrin qoyulub-qoyulmadığını da yoxlayacaq. RGEM hər 15 gündən bir monitorinqlər aparır. Yəni, monitorinqlər ildə bir-iki dəfə olmur. Çimərlik mövsümü başlamazdan öncə də aparılır, çimərlik mövsümü boyunca da aparılır. Mərkəz nəzarət edir ki, dəniz suyunun təmizlənməsi, çimərliyin istifadə üçün tam yararlı halda olması üçün müvafiq işlər görülüb, ya yox. Əgər dəniz suyunun çirklənməsi yenə də normadan artıqdırsa və suda müxtəlif bağırsaq çöpləri, mikroblar aşkarlanırsa, həmin çimərlik yenə də qadağan olunmuş elan edilir. Əhalinin çimərliyə daxil olmasının qarşısını almaq vəzifəsi isə sahibkarların, yerli icra orqanlarının üzərinə düşür.

Z.Kazımov bildirdi ki, Abşeron yarımadası boyunca fəaliyyət göstərən bütün çimərliklərdə hazırda monitorinqlər aparılır. Yekun qərar yaxın vaxtlarda açıqlanacaq.

Harada çimmək olar, harada olmaz?

Çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar RGEM və Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünən birgə mətbuat konfransı keçirib.

Mətbuat konfrasında bildirilib ki, bu il Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin "Sahil” və Səbail rayonunun "Şıx” çimərliyində dəniz suyunun tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduğu üçün qeyd edilən çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov isə bildirib ki, nazirlik tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb: "Xəzər dənizində aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümündə çimərlik kimi istifadə üçün yararlıdır”.

Hazırda ETSN tərəfindən Xəzər dənizi zolağında və çimərlik ərazilərində monitorinqlər davam etdirilir.

Əhali yay mövsümündə sağlamlığına xüsusilə diqqətlə yanaşmalıdır

Çirkliliyin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı su hövzəsində çimmək hansı xəstəliklərə səbəb ola bilər?

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında qeyd etdi ki, ziyanlı, qadağan olunmuş sularda çimmək təhlükəlidir:

- Yay mövsümü insan sağlamlığı üçün bir sıra təhlükələr daşıyır. Biz həmişə demişik ki, əhali yay mövsümündə sağlamlığına xüsusilə diqqətlə yanaşmalıdır. Burada şəxsi gigiyena, sanitar normalara riayət etmək, meyvə-tərəvəzin yuyulmadan yeyilməməsi, tərkibi şübhəli qidalardan imtina, Günəş şüalarıyla birbaşa təmasdan çəkinmək, hədsiz soyuq, buzlu içkilərdən uzaq durmaq da var, həmçinin, çimərliklərlə bağlı xəbərdarlıqlara əməl etmək də. 

Bir halda ki, konkret çimərliklərdə dəniz suyunda çirklənmənin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı bildirilir, o çimərliyə gedilməməlidir. Bağırsaq çöpləri olan suda digər infeksiyaların da olacağı ehtimalı böyükdür. Bu da insanlarda müxtəlif infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Hətta kütləvi epidemiya da yayıla bilər. Dövlət orqanı o çimərliklərə gedilməsini məsləhət görmürsə, xəbərdarlığa əməl edilməlidir. Xüsusilə də körpələrin, azyaşlıların bu cür natəmiz, sanitar-gigiyenik normaların pozulduğu çimərliklərə aparılması təhlükəlidir. Mən də dəfələrlə müşahidə etmişəm ki, insanlarımız sağlamlıqlarına biganə yanaşır. 

Məsələn, Hövsan yolunda Duz gölü deyilən ərazi var. Bəziləri ora guya müalicə məqsədilə gedir. Bu göl nə Səhiyyə Nazirliyi, nə də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məsləhət görülən bir yerdir. Oranın müalicəvi xüsusiyyətləri barədə heç bir dövlət orqanı rəy verməyib. Əgər həqiqətən də "Duzlu göl” müalicəvi olsaydı, çoxdan sahibkarlar oranı özəlləşdirib sağlamlıq mərkəzi tikmişdilər. Əhali bu məntiqi qoyur bir kənara, duzlu göldə çimir ki, ağrı-acısı azalsın. O göl başdan-ayağa infeksiyadır. Təsəvvür etməzsiniz, orada nə qədər çirklənmə, mikroblar var. Belə şəraitdə hansı sağlamlıqdan danışmaq olar?! Təəccüb edirəm ki, bəzən ziyalılar da ora gedir. Əhalimiz yay mövsümündə sağlamlığına xüsusilə diqqətlə yanaşmalıdır. Həyatını, sağlamlığını riskə atmamalıdır.

Məlahət Rzayeva