Məqsəd reklamdır...
Bütün ölkələrin qarşılaşdığı spam probleminin universal həll üsulu yoxdur
Dünən http://atbmarket-ua.info/ saytında bir neçə şirkətlə bərabər, "Azpetrol” şirkətinin 20 illik yubileyi münasibətilə alıcılara 1000 litr Aİ-95 markalı benzin hədiyyə ediləcəyi barədə reklam xarakterli yazı dərc edilib.
"Azpetrol” şirkəti isə mediaya açıqlamasında bu mesajın SPAM olduğunu və həqiqəti əks etdirmədiyini deyib: " "Azpetrol” heç bir sayta, heç bir sosial şəbəkəyə belə bir məlumat verməyib. Onu da bildiririk ki, "Azpetrol” şirkətinin 20 illik yubileyi 2017-ci ildə qeyd olunub”.
Görəsən, spamlar nədir? Və onlara qarşı hansı addımları atmağımız daha məqsədəuyğundur?
Qeyd edək ki, spamın ən geniş yayılmış növü elektron məktublardır. Belə məktublar internet istifadəçilərinin ünvanlarına həm reklam, həm də hakerlik məqsədilə daxil olur. Reklam xarakterli spamlar əsasən, istehsal və yaxud satış firması tərəfindən göndərilir. Belə məktubları göndərməklə müəssisələr məhsul və xidmətlərini çox az xərclə reklam edirlər. Həmin məktublarda ən çox pornoqrafik saytlar, müxtəlif dərmanlar, printer kartricləri, proqram təminatları, mövcud olmayan universitetlərin saxta diplomları reklam edilir, eyni zamanda istifadəçilərə onlara böyük gəlir gətirən biznes əlaqələri təklif edilir. Amma digər növ spamlar istifadəçini tamamilə çaşdırır və daha təhlükəli hesab edilir. Bu zaman istifadəçi yalançı sayta yönəldilir və bununla da onun kompüterinin təhlükəsizlik sisteminə virus yol açır. Bu isə hakerlərin istənilən zaman bu kompüterə müdaxiləsinə imkan yaradır.
İKT üzrə tanınmış ekspert, Milli Elmlər Akademiyasının elmi işçisi Cahid İsmayıloğlunun "Şərq”ə açıqlamasına görə, spamların göndərilməsində məqsəd reklam olunmaq və virus yaymaqdır. Hansısa saytların İP-sini artırmaq üçün reklam məqsədli spamlar yayılır ki, istifadəçi cəlb etsinlər. Digər məqsəd isə cəlbedici sözlərlə müvafiq linklərə yönləndirilən istifadəçinin kompüterinə və ya telefonuna virus düşür.
İstifadəçinin ünvanına konkret bir saytdan məlumat daxil olur. Bu məktub həqiqətən də bu ünvandan gəlir və məqsəd reklamdır. Amma digər halda spamlar hakerlər tərəfindən göndərilir. Bu məktub istifadəçinin ünvanına əslində, başqa ünvandan gəlir, amma ona elə gəlir ki, həmin məktub hansısa bir saytdan göndərilib. İstehsal və ya satış müəssisəsinin adından istifadə etməklə belə spamların göndərilməsində məqsəd ya həmin şirkətlərin məhsullarını antireklam etmək, ya da çox sayda istifadəçinin parollarını oğurlamaqdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, dünyada ən çox spam göndərən ölkələr ABŞ, Rusiya, Türkiyə, Çindir:
"Müqayisəli götürülsə, Azərbaycana spamlar daha çox daxil olur. Azərbaycanda spamların göndərilməsi ilə daxil olması arasındakı fərq yüzün birə nisbətindədir. Amma ümumilikdə Azərbaycanı tam olaraq, spam göndərməyən ölkələrin siyahısına salmaq da düzgün deyil. Spamların göndərilməsi ilə peşəkar və qeyri-peşəkar qurumlar məşğul olur. Peşəkar qurumlar başqa şirkətlərdən, şəxslərdən pul alaraq məktubları eyni vaxtda çoxlu ünvanlara çatdırır. Belə qurumlar bütün dünyada olduğu kimi, məncə, Azərbaycanda da var. Amma onların serveri harada yerləşir? Bu server Azərbaycandadır, yoxsa kənarda? Ola bilər ki, şəxsin, yaxud qurumun özü Azərbaycanda, məktubu göndərən server başqa ölkədə olsun”.
Azərbaycanda spama qarşı mübarizənin aparıldığını deyən O.Gündüzün sözlərinə görə, müəyyən internet servis xidməti göstərən bəzi şirkətlər antispam fəaliyyəti göstərə bilir. Onlar xüsusi proqram sayəsində eyni nöqtədən çoxlu sayda məktubun göndərilməsinə imkan vermirlər. Azərbaycanda bir neçə e-mail xidməti göstərən qurum - "box.az”, "inbox.az”, "Delta Telekom”un Azərbaycanın bütün milli resurslarının qruplaşdığı hostinq mərkəzində də antispam sistemi quraşdırılıb.
O.Gündüz "Elektron ticarət”lə bağlı sənəddə spamla bağlı müəyyən məqamların əks olunduğunu da deyib: "Həmin sənəddə göstərilir ki, reklam xarakterli məktub göndərilirsə, orada istifadəçiyə bundan imtina ilə bağlı imkan da verilməlidir. Qanunla bu tip məktublarda imtina imkanının olması məcburidir”.
Qeyd edək ki, bütün ölkələrin rastlaşdığı spam probleminin universal həlli üsulu yoxdur. Hər bir dövlət bu sahədə öz təcrübəsindən yararlanaraq ona qarşı mübarizə aparır. Nazirlik rəsmisinin sözlərinə görə, tarixi həqiqətləri yayan insanlara qarşı mübarizədə də spam üsuldan istifadə edilir. Bu praktika ilə bütün ölkələr rastlaşır. Bunu nizamlamaq üçün bəzi ölkələrdə spamla bağlı qanunvericilik var. "Kibercinayətkarlıq haqqında Konvensiya” da ölkələrə bu sahədə mübarizədə birgə əməkdaşlıq etməyə yardım edir.
Azərbaycanda spama qarşı xüsusi qanunvericilik yoxdur. Yalnız Cinayət Məcəlləsində arzuolunmaz müdaxilə nəticəsində kompüter sistemlərinə vurulan zərərlə bağlı xüsusi üç maddə göstərilib. İnzibati Xətalar Məcəlləsində də bununla bağlı xüsusi nizamlayıcı maddələr qeyd edilib. Amma xüsusi olaraq, spam, yaxud fişinqlə bağlı müddəalar yoxdur.
Şəymən