Milli maraqlar həmişə öndə olacaq

Tofiq Zülfüqarov: "Prezidentin Azərbaycanın xarici siyasətinə verdiyi qiymət tamamilə doğrudur"



"Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq”. Bunu ötən gün Real TV-yə müsahibəsində Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub: 

"Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq. Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır”.

Dövlət başçısının xarici siyasətlə bağlı diqqət çəkdiyi məqamları "Şərq”ə dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Prezidentin Azərbaycanın xarici siyasətinə verdiyi qiymət tamamilə doğrudur: 

"Prezident xarici siyasətə yanaşmanın əsaslarını göstərir. Yəni bəyan edir ki, yeridilən xarici siyasətdə Azərbaycanın milli maraqları hər zaman ön planda dayanır. Əlbəttə, vurğulamaq lazımdır ki, milli maraqlar üzərindən həyata keçirilən siyasət zamanı balanslı siyasətdən imtina olunmur. Tarazlı siyasət ondan ibarətdir ki, milli maraqları göz önündə saxlamaqla, qarşılıqlı şəkildə münasibət qurduğumuz xarici ölkələrin də maraqlarını nəzərə alırıq. Təbii ki, burada bizim maraqlarımız daha üstün olur, ön planda dayanır. Yəni nəzərə aldığımız ilk meyar ölkəmizin milli mənafeyidir, digər məqam isə ümumi diplomatik üslubu həyata keçirməkdir. Qarşılıqlı maraqların nəzərə alınması münasibətlərin qurulması üçün labüddür”.

İsmayıl