Milli Məclis siqaret məsələsini həll edə bildi ki, qəlyana keçdi?




"Sulu qəlyanlar orqanizmə yad cisim qəbuludursa, demək ziyanlıdır”.

Bunu Sherg.az-a Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadənin də qadağan olunmasına münasibət bildirərkən "Siqaretsiz həyat” İctimai Birliyinin sədri Rasim Mədəd deyib. 

O bildirib ki, qəlyanlar çörək, meyvə və s. kimi qida növü deyil:

"Sulu qəlyan meyvədən alınan nədirsə, onun daxilə qəbulunun xeyri ola bilməz. Bu qəlyanların yeganə faydası onu satanadır. Satır pulunu alır. Satdığının insana nə ziyanı olacağı onu maraqlandırmır. Milli Məclis siqaret məsələsini həll edə bildi ki, qəlyana keçdi? Siqaretlə bağlı nə irəliləyiş oldu, nəyi həll edə bildik ki, indi sulu qəlyan məsələsini həll edək? Sulu qəlyanın hazırlanmasında baş verən reaksiya prosesində istər-istəməz hansısa maddə yaranır ki, bu insana xoş gəlir. Əgər sulu qəlyanın ziyanlı cəhəti yoxdursa da, xeyirli cəhəti də yoxdur. Sadəcə hərə bir çay evi açıb, sulu qəlyanları düzüb ora. Sulu qəlyan siqareti təkrarlayır. Siqareti çəkmirsənsə, sulu qəlyana keçsən, siqaretdən imtina məsələsi çətinləşir. Həmçinin sulu qəlyan ancaq biznes xarakteri daşıyan bir şeydir. İnsana nə sağlamlıq, nə də fiziki, zehni cəhətdən faydası var. Sulu qəlyan bir qrup insanın istirahəti, vaxt keçirməsi üçün sadəcə bir vasitədir. Bunun siqaret qədər ziyanı olmasa da, hər hansı bir vitamin kimi xeyri də yoxdur”.

Qeyd edək ki, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadənin də qadağan olunması öz əksini tapıb.

Ayyət Əhməd