5 dekabrda Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda deyilir ki, müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib.
Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib. Hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycanın bu kimi addımlar atması təhlükəsizliyimizin, sabitliyimizin qorunması istiqamətində görülən tədbirlərin bir parçasıdır. Məlumdur ki, dünyanın bir sıra yerlərində xoşagəlməz hadisələr baş verməkdədir. Ərəb ölkələrindəki qarşıdurmalar hələ bitməyib. İraq və Suriyada terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələrin hər biri dini və etnik zəmində ərazi bütövlüyünün pozulması təhdidi ilə üz-üzədir. Eyni zamanda bizə qonşu olan ölkələrin də ərazisində zaman-zaman terror dalğası müşahidə olunur.
Məsələyə münasibət bildirən millət vəkili Tahir Kərimli "Sherg.az”a söyləyib ki, bu sahəyə bir neçə konteksdən yanaşmaq lazımdır:"Avropa Şurası və digər Avropa strukturları bəzən Azərbaycanı bu məsələnin əks tərəfi ilə bağlı tənqid edirdilər. Lakin hazırda bir çox Avropa komitələrinin, təşkilatlarının Azərbaycanın reytinqini yaxşılaşdırması və ölkəmizin gördüyü işləri müsbət qiymətləndirməsi bizim üçün olduqca sevindirici haldır. Çünki onlar bu addımları ilə bir zamanlar özlərinin Azərbaycan haqqında bildirdiyi ittihamların yalan və əsassız olduğunu ortaya qoyurlar. İkincisi, Azərbaycanda terrorizmə, qanunsuz hallara qarşı çox əsaslı islahatlar keçirilir. Fikrimcə, ölkəmizin bu sahədə atdığı addımları görməzdən gəlmək olmaz. Düşünürəm ki, bunu çox müsbət qiymətləndirmək lazımdır. MONEYVAL Komitəsinin Azərbaycan haqqında müsbət fikirləri ölkənin bu sahədə gördüyü işə qiymətdir”.
T.Kərimli onu da bəyan edib ki, Avropa dövlətlərinin Azərbaycan barəsində keçmiş münasibətləri ölkənin müsəlman, türk dövləti olması ilə bağlı idi:
"Onlarda türklərə, müsəlmanlara qarşı bir aqressiya, ayrıseçkilik var. Həmin ölkələr yalnız Azərbaycana deyil, bütün müsəlman və türk dövlətlərinə qarşı bu cür yanaşıb. Əvvəllər Avropa dövlətləri Azərbaycana demokratiya, qanunsuzluğun bərqərar olunması üçün fikirlər bildirirdilər. Lakin indi onların ölkəmiz haqqında bu cür fikirləri müsbət qiymətləndirilməlidir”.
Kənan Eynuroğlu