Təhlükəsizlik xidmətinin əməliyyatları təqdir olunur
Dövlətə xəyanət dünyanın hər yerində ən ağır cəzaya layiq görülür
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.
Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ekspertlərin fikrincə, xüsusi xidmət orqanının işində ən ciddi uğur xarici ölkəyə işləyən casuslarının ifşasıdır. Məhz bu səbəbdən DTX-nin işi xüsusi dəyərləndirilir. Bu cür şəxslər gizliliyini qoruduğu müddətdə təhlükəli məlumatları ötürə bilərlər.
Qeyd edək ki, xarici dövlətə işləyən casusu ifşa etmək, heç də asan məsələ deyil. Bu, uzunmüddətli işin və informasiyaların nəticəsidir. Hər halda uğurlu hadisədir. Bu məsələni məhkəmədən, istintaqdan sonra bir qədər də genişləndirmək lazımdır. İnsanlar anlamalıdırlar ki, pul, hər hansı bir xidmət, bəxşiş müqabilində qarşı tərəfin xüsusi xidmət orqanlarına, dövlətin mənafeyi əleyhinə olan informasiyalar vermək kimi hallara yol verməsinlər.
Millət vəkili Tahir Kərimli "Şərq"ə açıqlamasında deyib ki, özlərini buyruq qulu kimi ortaya qoyan antimilli qüvvələr, Azərbaycanı sevməyən Avropa, ABŞ-da, hətta qonşu ölkələrdə olan erməni sponsorlar, ya da erməni əsilli şəxslərin rəhbərlik etdiyi təşkilatlar vasitəsilə də maliyyələşir, mükafatlar alırlar.
Bu cür faktların hər zaman olduğunu vurğulayan millət vəkili deyib ki, DTX-nın keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürür: "Hesab edirəm ki, Azərbaycanın müvafiq beyin mərkəzlərində, siyasi institutlarında, o cümlədən təhlükəsizlik qurumlarında bu cür məsələlərlə məşğul olanlar yetərincə çoxdur. Məhz həmin insanların hesabına təhlükəsizlik xidmətinin obrazı dəyişməkdədir. Ötən gün keçirilən əməliyyat təqdir olunmalıdır və hər birimiz onlara təşəkkür edirik”.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, dinindən, irqindən, millətindən və peşəsindən asılı olmayaraq digər dövlətlərin maddi və yaxud psixoloji təsiri ilə öz ölkəsinə qarşı təxribat edən, ölkəsinin maddi, mənəvi dəyərlərini, millətinin təhlükəsizliyini təhlükə altına ataraq dövlətə xəyanət edən şəxs tarix boyu dünyanın bütün ölkələrində ən ağır cəzalara layiq görülüb:
"Xarici xüsusi xidmət orqanları ilə iş birliyinə cəlb olunan şəxs bilməlidir ki, onların yerinə yetirməli olduqları işin sonunda xoş bir niyyət dayanmayıb, dövlətə xəyanət etdiklərini anlamalıdırlar. Hüquq-mühafizə orqanlarının, DTX-nin bu qəbildən olan əməliyyatları çox yüksək qiymətləndirilir və inanırıq ki, bu işdə şübhəli şəxs qismində saxlanılanların əməlləri sübuta yetirilərsə, layiqli cəzalarını alacaqlar”.
Şəymən