Təbrizdəki məscid və məqbərə dağılmaq təhlükəsi ilə üzləşib
“Tez-tez İranda, Gürcüstanda, Türkiyədə yerləşən tarixi mədəniyyət abidələrimizin ziyarəti təşkil olunmalıdır”
İranda tarixi türk abidələrinə qarşı "soyqırım” həyata keçirilir. Ağqoyunlular İmperiyasının hökmdarı Uzun Həsənin tarixi Azərbaycan şəhəri Təbrizdə tikdirdiyi məscid və məqbərə dağılmaq təhlükəsi ilə üzləşib. Təbrizin 2018-ci il üçün "Turizm paytaxtı” elan edilməsinə baxmayaraq, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız İran hakimiyyətinin Azərbaycanın bu və digər tarixi abidələrinə qarşı etinasızlığından şikayət edirlər.
Onların sözlərinə görə, Azərbaycanın tarixi memarlıq üslubunda tikilmiş abidələri dağılmaq üzrədir. Məlumdur ki, XV əsrdə tikilmiş abidələrin Təbriz və Azərbaycanın mədəniyyət tarixində xüsusi yeri var. XVIII əsrdə baş verən dağıdıcı zəlzələdə zərər görən abidələr Qacarlar sülaləsinin hakimiyyəti dönəmində yenidən tikilib. Bunlar Ağqoyunlular imperiyasının paytaxtı Təbriz şəhərinin incisi kimi qəbul edilirdilər.
İranın molla rejiminin Cənubi Azərbaycandakı türk tarixinin mədəni irslərinə qarşı etinasızlığı təkcə bu əsərlərə qarşı deyil. İranın türklər yaşayan bütün bölgələrindəki abidələr ayrı-ayrı dövrlərdə məqsədyönlü şəkildə ya dağıdılıb, ya da farslaşdırılıb. Cənubi Azərbaycanda tarixi abidələrin dağıdılması Qacarlar sülaləsinin İrandakı hakimiyyətinə son qoyulduqdan sonra iqtidarı ələ keçirən fars rejiminin soydaşlarımıza qarşı başlatdığı assimilyasiya siyasətinin tərkib hissəsidir. Türkləri milli kimliklərindən uzaqlaşdırmağa çalışan molla rejimi bu məqsədlə tarixi abidələri yox edir, buna etiraz edən fəalları ya həbsə atır, ya da edam etdirir.
Narahatlığa səbəb olan məsələ ilə bağlı "Şərq”ə açıqlama verən tarixçi-alim Kamran Əsədov deyib ki, Azərbaycan dünyanın ən qədim tarix və mədəniyyətinə sahib olan ərazilərdən biridir. Onun sözlərinə görə, bu gün müstəqil Azərbaycanın ərazisi qədim tarixi torpaqlarımızdan dəfələrlə azdır:
"Tarixi gedişdə kifayət qədər zəngin tarixi əraziləri itirmişik. İndiki Cənubi Azərbaycan ərazisində tarixən xalqımızın yaratdığı tarixi-mədəniyyət abidələri bizim üçün çox vacibdir. Bu ərazidə e.ə. III minillikdən dövlətçiliyimiz başlayıb. Əsrlərin sərt sınağından keçərək zəmanəmizə gəlib çatmış tarixi abidələr xalqımızın keçmiş həyat salnaməsini özündə ehtiva edən maddi-mədəni irs olmaqla yanaşı, həm də maddi mənəvi sənədləridir. Tariximizin cansız şahidləri olmuş bu cür abidələrin qorunub saxlanması indiki zamanda olduqca vacib məsələdir. Tarixi abidəsi olmayan xalq pasportu olmayan insana bənzəyir.
Hesab edirəm ki, Azərbaycanın tarixi mədəniyyət abidələrini, tarixi şəxsiyyətlərini digər ölkələrdə təhlükə gözləyirsə, onları Azərbaycana köçürməliyik. Yaxud da Mədəniyyət Nazirliyi həmin ölkələrdə o abidələrin qorunmasını öz öhdəsinə götürməlidir. Mütəmadi olaraq Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və digər qurumlar "Tariximizi Öyrənək”, "İrsimizi Qoruyaq!” adlı layihələr həyata keçirməlidirlər. Tez-tez İranda, Gürcüstanda, Türkiyədə yerləşən tarixi mədəniyyət abidələrimizin ziyarəti təşkil olunmalıdır. Bununla bağlı tədbirlər planı hazırlanıb həyata keçirilməlidir”.
İsmayıl