Patoloji erməni sevgisi...

Zaxarova Kremlin simasını açıb göstərdi
Azərbaycanlı jurnalistə qarşı nəzərəçarpan təzyiq, təhdid və təhqir Rusiyanın Qarabağ həqiqətlərinə göz yummasını ortaya qoydu



Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. 

APA-nın Rusiya nümayəndəliyinin rəhbəri Fərid Əkbərovun ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan "diplomat” xanım, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib: "Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, tərbiyəsizlikdir.

Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, ədəbsizlikdir. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik”. Zaxarova daha irəli gedərək, Rusiya XİN barədə yazılan məqalələrin jurnalistika etikasına sığmadığını bildirib: "Azərbaycanlı dostlarım da bu fikirdədilər. Buna görə də məndən üzr istəyiblər”. Zaxarovadan kimin üzr istəməsi məlum deyil. Amma ABŞ-a 170 milyon dollar zərər vuran Seleznvoyun oğlu Valerini, casus Yeroşenkonu könüldən müdafiə edən Zaxarova nəyə görə digər Rusiya vətəndaşı Dilqəm Əsgərov haqqında heç bir söz demək istəmir? Əslində səbəb aydındır. Zaxarovanın o cür aqressiv və qərəzli olması onun qatı və pataloji erməni sevgisi ilə bağlıdır. Kimsə fərd olaraq hansısa xalqa rəğbət göstərə bilər. Zaxarovanın ermənipərəstliyi artıq şəxsi hüdudları aşıb və Rusiya XİN-in mövqeyi kimi görünməyə başlayıb. Amma Azərbaycan media təmsilçilərinin suallarını, Rusiya XİN-in açıqlamalarına yazılan obyektiv məqalələri həzm edə bilməyən Mariya Zaxarova anlamır ki, bu suallar və məqalələr Rusiyanın münaqişəyə qeyri-obyektiv yanaşması nəticəsində ortaya çıxır. Ona görə də Rusiyanın birinci vəzifəsi Azərbaycan cəmiyyətində və mediasında itirdiyi etimadı bərpa etmək olmalıdır. Bunun isə bir yolu var - Azərbaycan jurnalistlərinin verdiyi sualları beynəlxalq hüquq normaları ilə əsaslandırılmış şəkildə normal cavablandırmaq lazımdır. Zaxarovanın açıqlaması ictimai-siyasi dairələr, media rəhbərləri, sosial şəbəkə istifadəçiləri və politoloqlar tərəfindən tənqid hədəfinə çevrilib.

"APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı məsələyə bu cür münasibət bildirib: 

"Mən Zaxarovanın ifadə tərzini ona qarşı istifadə eləmək istəmirəm. Amma bir mətbuat xidməti rəhbərinin peşəkarlıq nümayişi bu deyil. Fərid təmkinli və peşəkar mövqe nümayiş etdirib. Bütün hallarda, sualın cavabını gözləyirik”. V.Mahirqızı bildirib ki, Zaxarovanın "sual kontekstdən çıxarılıb” demək şansı yox idi: "Çünki onun nəzərdə tutduğu açıqlama Rusiya XİN-in saytı vasitəsi ilə yayılıb. Fikrimcə, Zaxarovanı özündən çıxardan növbəti dəfə həmin mövzuya qayıdılması oldu. Yenə deyirəm, bütün hallarda bizə sualın cavabı maraqlıdır, Zaxarovanın "blefi” yox”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazım idi. 

H.Hacıyev vurğulayıb ki, doğmalarının qəbirlərini ziyarət edərkən erməni silahlıları tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin
taleyi Azərbaycan xalqının daim diqqət mərkəzindədir: "Kütləvi informasiya vasitələri ictimai rəyin güzgüsüdür”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da etiraza səbəb olan məsələ ilə bağlı fikirlərini bölüşüb. MŞ sədri deyib ki, Mariya Zaxarova missiyasını unudaraq, jurnalistə qarşı kifayət qədər qeyri-etik, peşə davranışlarına sığışmayan münasibət sərgiləyib: 

"Zaxarova vəzifəsindən irəli gələrək jurnalisti dinləməli, suallara aydınlıq gətirməli və cavablandırmalı idi. Çox təəssüf ki, o, belə etmədi və əksinə, qarşı tərəfi heç bir çərçivəyə sığmayan dərəcədə təhqir etdi, onun simasında böyük ölkənin jurnalistlərinə qara yaxdı. Mariya Zaxarova yaxşı bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev nəyə görə həmin yerlərdə olublar və onların üzərlərində qurulan "məhkəmə” nə dərəcədə ədalətlidir”. Ə.Amaşov qeyd edib ki, Zaxarovanın bir ölkəni təmsil edən jurnalisti təhqir etməsi heç bir çərçivəyə sığmır: "Mariya Zaxarova təmsil etdiyi ölkə ilə jurnalistin təmsil etdiyi ölkə arasında əlaqələri arxa plana atır. Rusiya ilə qonşu dövlətik, çalışmalıyıq ki, bu münasibətləri daha da yüksəldək, inkişaf etdirək”. Sədrin açıqlamasından sonra Mətbuat Şurasının hadisə ilə bağlı bəyanatı da yayılıb. Bəyanatda bildirilib ki, Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meyilləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diktə etmək iddiasından irəli gəlir: "Mətbuat Şurası bu qənaətdədir ki, hər bir jurnalist fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir”.

Millət vəkili Aydın Mirzəzadə də bildirib ki, Mariya Zaxarovanın hərəkəti dövlətlərarası münasibətdə qətiyyən yolverilməzdir. Deputata görə, Zaxarovanın bu hərəkəti həm insan mədəniyyətinə, həm də demokratiyaya daban-dabana ziddir: 

"Jurnalisti dinləmək, ona məzmunu üzrə cavab vermək əvəzinə, dost olan bir ölkə təhqir edilir, aşağılanır. Həmçinin, məsələnin mahiyyətindən qaçılmağa çalışılır.

Mətbuat nümayəndəsinin medianı təhqir etməsi bu cavabı verən şəxsin özünün mədəni səviyyəsinin aşağı olduğunu göstərir”. A.Mirzəzadə hesab edir ki, belə yanaşmaya çox kəskin cavab olmalıdır: "Dövlət və ictimai səviyyədə Zaxarovanın hərəkətinə cavab verilməlidir. Heç bir halda jurnalistin sualına belə kobud və aşağılayıcı cavab vermək olmaz. Mariya Zaxarova özü üçün bilməli idi ki, sual verən şəxs Rusiya ilə çox yaxın dost münasibətində olan bir ölkədəndir. Azərbaycan tərəfinin müraciəti ilə Rusiya Xarici İşlər Nazirliyin artıq səlahiyyətli şəxsləri bu məsələyə aydınlıq gətirməlidir”.

İsmayıl