Qulam İshaqzai: "Bizim qət edəcəyimiz yol hələ böyükdür. BMT insan hüquqlarının qorunması sahəsində hələ çox işlər görəcək. Bir çox insanlar hələ də öz hüquqlarının pozulmasından əziyyət çəkir"
Qadınların, uşaqların hüquqları müzakirəyə çıxarıldı
Natiqlər bildirib ki, bütün hüquqpozmalara qarşı koordinasiyalı fəaliyyət göstərilməlidir
Qulam İshaqzai: "Bizim qət edəcəyimiz yol hələ böyükdür. BMT insan hüquqlarının qorunması sahəsində hələ çox işlər görəcək. Bir çox insanlar hələ də öz hüquqlarının pozulmasından əziyyət çəkir"
Qulam İshaqzai: "Bizim qət edəcəyimiz yol hələ böyükdür. BMT insan hüquqlarının qorunması sahəsində hələ çox işlər görəcək. Bir çox insanlar hələ də öz hüquqlarının pozulmasından əziyyət çəkir"
Dünən Bakıda Azərbaycan Respublikası ombudsmanının təşkilatçılığı ilə "Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova beynəlxalq konfransın Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunduğunu söyləyib.
Dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir
Azərbaycan müstəqillik qazandıqdan sonra 64 əfv sərəncamı, 11 amnistiya aktının on minlərlə insana şamil olunduğunu vurğulayan ombudsman deyib ki, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir: "Bu il həm də ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilir. Onun başladığı islahatlar ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb. Azərbaycanda qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verilib".
Ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktlarının qəbul olunduğunu deyən E.Süleymanova əlavə edib ki, ölkəmizdə aparılan islahatlar dövlət qurumları tərəfindən insan hüquqlarının qorunmasına dəstək verir.
Xalqın mütləq dəstəyi olmadan hər hansı ideyanı gercəkləşdirmək olmaz
Milli Məclisin sədrinin müavini Bahar Muradova isə bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazası olduğunu deyib. Onun sözlərinə görə, ölkənin qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsini gercəkləşdirən mühit formalaşdırır.
B.Muradova bildirib ki, bugünkü nailiyyətlər bu uğurların əldə edilməsinə töhfə verən Azərbaycan vətəndaşlarının iştirakı ilə olub. Xalqın mütləq dəstəyi olmadan hər hansı ideyanı gercəkləşdirmək olmaz:
"Bu gün insan hüquqlarının təminindən, ədalətdən danışılır. Müstəqil dövlət olmasa və insan hüquqlarının təmini üçün lazım olan şərait yaradılmasa, bütün bunları etmək olmaz. Azərbaycan ötən illərdə çox böyük uğurlara imza atıb. Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq".
Vitse-spiker deyib ki, Azərbaycanın əsas qanunu olan Konstitusiyada hüquq bərabərliyi və onun dövlət tərəfindən təmin edilməsi təsbitini tapıb: "Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərq qoyma və s. kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bunun üçün də maarifləndirmə işləri geniş aparılmalıdır". B.Muradova Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığının digər ölkələrə nümunə olduğunu deyib: "Gündəlik rastlaşdığımız hüquq pozuntuları, əlbəttə ki, bizi narahat edir. Məişət zorakılıqları, qadınlara və uşaqlara qarşı yönəlmiş hüquqpozmalar, miqrantların üzləşdiyi çətinliklər, mənsubiyyətinə görə insanlara fərq qoyulması kimi halların qarşısını almaq üçün dünyada insan hüquqlarını qorumaq vəzifəsini üzərinə götürən şəbəkə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün geniş şəkildə maarifləndirmə işləri aparılmalıdır. Son dövrlərdə Azərbaycanda Ombudsman İnstitutunun ölkə miqyasında həyata keçirdiyi fəaliyyəti, dövlət orqanları ilə parlamentin fəaliyyətini əlaqələndirmiş şəkildə reallaşdırmasını digər xalqlara da nümunə kimi göstərə bilərik".
Məişət zorakılığı ilə bağlı vəziyyətə baxış fərqlidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, Azərbaycan hökuməti qadınların və uşaqların müdafiəsi sahəsində gələcəkdə görüləcək işləri və hədəfləri müəyyən edib.
O deyib ki, həmin tədbirlərin ən vacibi ailə institutunun gücləndirilməsi, reproduktiv sağlamlıq sahəsində, qadınların və uşaqların zorakılığına qarşı və s. tədbirlərin görülməsidir.
S.Qəhrəmanova qeyd edib ki, məişət zorakılığı bu gün aktualdır, amma məişət zorakılığı ilə bağlı vəziyyətə baxış fərqlidir: "Bu gün zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görülür. Ölkədə hər bir işdə davamlılığın təmin edilməsi üçün tədbirlər görülür. Ötən müddət ərzində qadınların hüquqlarının müdafiəsi sahəsində iki mühüm qanun - "Gender siyasəti haqqında" və "Məişət zorakılığı haqqında" qanunlar qəbul edilib".
Komitə rəsmisi hesab edir ki, bu gün həmin qanunların işlək olması üçün ictimai fəallıq, fəal vətəndaş mövqeyi lazımdır.
Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır
Beynəlxalq konfransda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və BMT-nin İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir.
Onun sözlərinə görə, Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, insan haqlarına olan hörmətini nümayiş etdirir, bir çox beynəlxalq sazişlərə qoşulub: "BMT insan hüquqlarının qorunması sahəsində müntəzəm işlər görür. Bununla belə, bizim qət edəcəyimiz yol hələ böyükdür. BMT insan hüquqlarının qorunması sahəsində hələ çox işlər görəcək. Bir çox insanlar hələ də öz hüquqlarının pozulmasından əziyyət çəkir".
İnsan hüquqlarının Azərbaycan Konstitusiyasında öz əksini tapdığını deyən Q.İshaqzai əlavə edib ki, dünyada vətəndaş cəmiyyətinin insan hüquqlarının qorunması ilə bağlı atacaqları addımlar getdikcə daralır: "Hər bir şəxsin hüquqlarının qorunması hamımızdan asılıdır. Dayanıqlı inkişaf üçün yoxsulluğun aradan qaldırılması insan hüquqlarının yaxşılaşmasına yönəlmiş addımdır”.
BMT-nin nümayəndəsi bildirib ki, insanlar getdikcə dünyada baş verən dəyişikliklərdən, proseslərdən, qeyri-müəyyənliklərdən əziyyət çəkirlər: "İnsan hüquqlarının qorunması bu mənada çox vacibdir. Azərbaycan bu sahədə də uğurlar qazanıb, çox fəal şəkildə müntəzəm olaraq aidiyyəti qurumlara hesabatlar təqdim edir. Biz Azərbaycana bu istiqamətdə dəstək veririk".
Azərbaycan hökuməti və parlamenti birgə fəaliyyətlə həssas ailələrdəki uşaqlara xüsusi diqqət yetirir
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Azərbaycan 26 il bundan əvvəl BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Azərbaycan hökuməti konvensiyadan irəli gələrək uşaqların ibtidai təhsil almaları, ölüm hallarının azaldılması və erkən nikahların qarşısının alınması istiqamətində işlər görüb. Azərbaycan hökuməti və parlamenti birgə fəaliyyətlə həssas ailələrdəki uşaqlara xüsusi diqqət yetirir.
Bundan başqa, E.Karvardin Azərbaycanda qız uşaqlarının təhsilə cəlb edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. Əlavə edib ki, qızların təhsil almaları gələcək nəslin savadlı olmasına yol açır.
Sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni insan hüquqlarının müdafiəsi sahəsində tədrisin rolu və insan hüquqları və vətəndaş cəmiyyəti mövzularında çıxış ediblər. Tədbirin sonunda Ombudsman Aparatının "Hüquqlar - hamı üçün” və "Mən və hüquqlarım” mövzularında təşkil olunan yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Şəymən