“Qara bazara” son qoyulur

Bütün valyuta dəyişən insanlar qazanacaq
Məntəqələrin bərpası, eyni zamanda 4 min yeni iş yeri deməkdir

Milli Məclis "Valyuta tənzimi haqqında” qanun layihəsini qəbul edib. Qanuna edilən dəyişikliklə Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilir. Bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Buna qədər isə bu səlahiyyət Mərkəzi Bankda idi. Valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyəcək, həmçinin Palatanın müəyyən etdiyi məbləğdə girov qoyacaqlar.

Qeyd edək ki, valyutadəyişmə məntəqələri bağlanan zaman iqtisadçılar hökuməti valyutadəyişmə məntəqələrini ləğv etməkdənsə, mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsinə çağırdılar. Müvafiq qurum isə onların çaldığı həyəcan təbilinin səsini duymazdan gəlib, bildiyini elədi. İlkin mərhələdə valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması minlərlə insanın işsiz qalması ilə nəticələndi. Sonrasında isə bu addım bir sıra mənfi hallara səbəb oldu deyə "exchange”ləri yenidən açmağa qərar verdilər.

Bəs, ekspertlərimiz indi nə düşünür? Valyutadəyişmə məntəqələrinin yenidən bərpası ləğvindən sonra yaranan problemləri aradan qaldıra biləcək?.
"Şərq”in suallarını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli valyutadəyişmə məntəqələrinin bağlanmasının səhv qərar olduğunu bir daha xatırladıb: 

"Biz dəfələrlə bəyan etdik, öz təkliflərimizi verdik ki, bu qərar həddindən artıq tələsik verilir, amma bizi eşitmədilər. Qərar verilərkən ilkin səbəb kimi valyuta axınının qarşısını almağı göstərmişdilər, amma əks prosesi gördük. Bu gün üçün əsas problemlərdən birinə çevrilən "qara bazar”ın yaranmasına səbəb də məhz valyutadəyişmə məntəqələrinin bağlanması oldu. Sonrakı mərhələdə isə insanlar valyuta dəyişərkən bir sıra problemlərlə üzləməli oldular. Bankların bəlli iş rejimi var və axşam saatlarında, istirahət günlərində banklar işləmədiyi üçün vətəndaşlar valyuta mübadiləsi aparmaqda ciddi əziyyətlə üzləşdilər. Yerli insanlarla yanaşı, bu əziyyətin yükünü turistlər də çəkdilər.
Valyutadəyişmə məntəqələrinin bağlanmasının ciddi zərərlərindən biri də 4 mindən çox insanın işsiz qalması ilə nəticələndi. Məhz bu səbəbdən də biz xəbərdarlıq etmişdik ki, bu qərar tələsik verilib. Heç bir müsbət təsiri olmadı, amma görün nə qədər ziyanı olub.

Yeni qanuna görə artıq fiziki şəxslər də valyutadəyişmə məntəqəsi aça biləcəklər. Hesab edirəm ki, ilkin mərhələdə valyutadəyişmə məntəqələrinin sayının artması alış- satış qiymətləri arasındakı məzənnə fərqini azaldacaq. Bu gün banklarda alış və satış qiymətləri arasında fərq kifayət qədər böyükdür. Devalvasiyadan öncə banklar 100 dolların alqı-satqısında ən yaxşı halda 20 qəpik qazana bilirdilərsə, bu fərq bu gün bəzi banklarda 6 manata qədər yüksəlib. Valyutadəyişmə məntəqələrinin bərpasının bu fərqi aradan qaldıracağı gözləniləndir. Bu, istənilən halda valyuta dəyişən vətəndaşların xeyrinə olacaq. Növbəti mərhələdə isə bu qərar Azərbaycanın turizm hədəflərinə çatmasında müsbət rol oynayacaq. Beynəlxalq idman yarışları və turizm mövsümünün başlaması ərəfəsində turistlərin valyuta dəyişməklə bağlı işini asanlaşdırmaq baxımından bu məntəqələrin açılması əhəmiyyətli addımdır. Banklardan fərqli olaraq "exchange”lər gec saatlara qədər işləyir və eyni zamanda istirahət günləri də açıq olurlar. Bu isə turistlərin işini bir xeyli asanlaşdıracaq. Ancaq "exchange”lərə "Valyuta tənzimi haqqında” qanunda öz əksini tapan müddəalardan kənar müdaxilələr olacaqsa, onların sayının artım tempi istədiyimiz səviyyədə olmaya bilər. Yəni ancaq şəhərin mərkəzi hissələrində bu məntəqələrin açılmasına şahid ola bilərik. Yox əgər qanunun icra mexanizmi özünü doğrultsa, müsbət nəticələr əldə etmək olar. Valyutadəyişmə məntəqələri bağlanmazdan əvvəl onların sayı 1200-dən artıq idi. Yeni iş yerlərinin açılması və əhalinin dolanışığının təminatı baxımından məntəqələrin sayını həmin rəqəmə çatdırmaq çox vacibdir. Amma valyutadəyişmə məntəqələrinin sayının çoxluğu ümumi məzənnə siyasətinə təsir göstərməyəcək. Çünki bu işdə hələ də Mərkəzi Bank əsas rol oynayır.

- Palata təklif edirdi ki, valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslər 500 manat rüsumdan əlavə 50 min dollar və 50 min manat məbləğində kapital qoyuluşu həyata keçirsin. Lakin millət vəkili Vahid Əhmədov bununla razılaşmadı və bu məsələ gündəlikdən çıxarıldı. Millət vəkili hesab edir ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya alırsa, girov məsələsi nəyə lazımdır? Siz, bu barədə nə düşünürsüz?

- Mən də Vahid müəllimin iradını haqlı hesab edirəm. Yaxşı ki, o, sözügedən müddəa ilə bağlı öz fikirlərini səsləndirdi. Qanun layihəsinin Palatanın təqdim etdiyi formada qəbul olunması sonradan bir sıra narazılıqlara yol aça bilərdi. Əvvəla, 50 min dollarla, 50 min manat arasında nə qədər fərq var, amma layihədə hər iki rəqəm eyniləşdirilir. Digər tərəfdən də bu təklif qəbul olunsaydı, valyutadəyişmə məntəqələrinin sayına ciddi təsir edəcəkdi. İndiki dövrdə çox az adam 50 min dollar vəsaitin kapital qoyuluşu müqabilində "exchange” açmaq istəyər. 500 manat rüsum isə kifayət qədər məqbul rəqəmdir.

- Valyutadəyişmə məntəqələri bağlandıqdan sonra orda çalışan insanların hamısı "qara bazar”a axın etdi. "Valyuta tənzimi haqqında” qanunun qəbulu onları geri qaytarmağa müvəffəq olacaq?

- Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərba olunması və onların sayının getdikcə artması "qara bazar”ın tamamilə bağlanmasına səbəb olacaq. O sahədə çalışan insanlar isə valyutadəyişmə əməliyyatlarının leqal şəkildə həyata keçirilməsində maraqlı olacaqlar. 90-cı illərdə də Azərbaycanda "qara bazar” var idi, amma sonradan valyutadəyişmə məntəqələrinin sayının artması və normal xidmət göstərməsi " qara bazar”ın ləğvinə zəmin yaratdı. İndi də həmin proseslər təkrarlanacaq. Çox güman ki, "qara bazar”da fəaliyyət göstərən bəzi insanlar cəmisi 500 manat rüsum ödəyib lisenziya alacaq və leqal fəaliyyət göstərəcəklər.

- "Exchange”lərə nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilməsi nəyi dəyişəcək?

- Biz xeyli müddətdir Mərkəzi Bankın səlahiyyətlərinin azalması və qarşılığında Palatanın səlahiyyətlərinin artırılması prosesini müşahidə edirik. Konkret olaraq valyutadəyişmə məntəqələrinə nəzarət məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, Palata vaxtı ilə Mərkəzi Bankın apardığı siyasəti davam etdirsə, bu dəyişikliyin heç bir effekti olmayacaq. Yox əgər Palata öz fəaliyyətini bu sahədə çalışan insanlara kömət etməyə yönləndirməyə, onların işinə yersiz müdaxilələr etməməyə çalışacaqsa, bu zaman müəyyən irəliləyişlərə nail olmaq olar. Ancaq şəxsən mən hər qanun layihəsində Palatanın səlahiyyətlərinin daha çox artırılmasını doğru saymıram. Bu gedişlə MBNP bank, sığorta sektorunun işinə ciddi müdaxilələr etmək iqtidarında olan bir quruma çevrilə bilər. Bu isə iqtisadiyyatda uğurlu hal hesab olunmur.

Şəymən