Murad Əliyev: “Müzakirələrin hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilməsi, mətbuata aidiyyəti olmayan, yalnız qarayaxma ilə məşğul olan şəxsləri bu məsələdən çəkindirəcək”
“Reket jurnalistika”ya qarşı mübarizə genişlənir
İlham Quliyev: “Problem daha dərindir və onun həlli ilə bağlı kompleks tədbirlər görülməlidir”
Murad Əliyev: “Müzakirələrin hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilməsi, mətbuata aidiyyəti olmayan, yalnız qarayaxma ilə məşğul olan şəxsləri bu məsələdən çəkindirəcək”
Murad Əliyev: “Müzakirələrin hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilməsi, mətbuata aidiyyəti olmayan, yalnız qarayaxma ilə məşğul olan şəxsləri bu məsələdən çəkindirəcək”
Niyaz Niftiyev: "DTX, DİN, Prokurorluq və başqa qurumların əməkdaşlarının prosesə cəlb olunmasına ehtiyac yoxdur”
(əvvəli ötən sayda)
Mətbuat Şurasının Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb və tərkibi genişləndirilib. Bu barədə MŞ sədri, millət vəkili Əflatun Amaşov məlumat verib. Sədrin sözlərinə görə, bundan sonra komissiyanın işinə dövlət qurumları da cəlb olunacaq: "Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib.
Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa, komissiya hərəkətə keçəcək”. Ə.Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır: "Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir? Elə məqam ola bilər ki, hansısa qurum, təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin jurnalistlə bağlılığı, müxbirlərə pul verib-vermədiyi gün işığına çıxarılacaq”. Sədr bildirib ki, komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır.
Ə.Amaşov bildirib ki, internet belə bir sahədir ki, onun qarşısını almaq mümkün deyil. Burada vacib şərt klassik media vasitələri kimi internet mediasının da etik normalara əməl etməsidir:
"Hazırda Azərbaycan mediasında rəngarənglik mövcuddur. Bəzi məqamlarda adam düşünür ki, hər media orqanının arxasında kimlərsə dayanır. "Reket jurnalistika”sı deyilən bir "jurnalistika” var. Bu jurnalistika əvvəllər də olub, bu gün də mövcuddur. Yazılı mətbuatdan internet jurnalistikaya transfer edib. Ancaq "reket jurnalistikası”na qarşı mübarizə yalnız Mətbuat Şurasının işi deyil. Ümumiyyətlə, reketlik yalnız jurnalistikanın bəlası deyil. Bunun qarşı tərəfi, məmur-jurnalist məsələsi var. Məsələn, məmur nəyə görə jurnalistə rüşvət verir? Niyə məmur jurnalistə rüşvət verərkən məsuliyyət daşımır? Biz bunlara aydınlıq gətirməliyik. Eyni zamanda bu sahədə fəaliyyət göstərənləri də özümüz üçün müəyyənləşdirməliyik ki, kimlərdir, nəyə görə fəaliyyət göstərirlər, nəyə görə bunlar bu qədər aktivdirlər. Mətbuat Şurası bu məsələlərlə məşğuldur. Görünür, kimlərinsə "quyruğunu” möhkəm basanda müqavimətlə rastlaşırıq. Guya mənim "mülkümün” olması ilə bağlı məsələ də onların işi idi. Əlbəttə, müəyyən insanların mülkü var, ola da bilər. Əgər insan qazanırsa, təbii ki, həyat tərzi yaxşı olmalıdır. Ancaq bir şey ki, yalan və qərəzli olur, əlbəttə, insanı incidir”.
Əksər ekspertlərə görə, Mətbuat Şurasının "reket jurnalistika”ya qarşı mübarizə komissiyasının səlahiyyətlərinin artırılması faydalı nəticələr verəcək. Onların fikrincə, bu qərarla təkcə jurnalistlərin deyil, həm də, mətbu orqanı ittiham edən tərəfin də məsuliyyəti artmış olur.
Bu tərkibin formalaşdırılması "reket jurnalistika” ilə mübarizədə həqiqətin ortaya çıxarılmasıdır. Birgə fəaliyyət konkret şikayət üzrə fəaliyyətin araşdırılmasına imkan yaradacaq. Eyni zamanda, jurnalistlərin və medianın qərəzli günahlandırılmasının qarşısı alınacaq. Faktlar araşdırılarkən medianın həqiqəti yazdığı sübut olunacaqsa, o halda, şikayətçi tərəf cavabdeh qismində tanınacaq və iddiası rədd ediləcək. Bu, eyni zamanda, faktları əldə edən, yaxud dəqiq informasiya əsasında yazı hazırlayan jurnalist və yaxud mətbuat orqanının müdafiəsidir. Reketçiliklə məşğul olanlar isə risk bu fəaliyyəti davam etdirə bilməyəcəklər. Hər halda formalaşacaq komissiyanın üzərinə böyük yük düşəcək.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, Azərbaycan jurnalistikasını hörmətdən salan, bu sahəyə ancaq qazanc məqsədi ilə gələn, əlindəki imkanlardan şantaj vasitəsi kimi istifadə edən şəxslərin mövcudluğu heç kimə sirr deyil: "Problem uzun müddətdir var və indiyə qədər həllini gözləyir. Zaman-zaman bu yolun yolçuları olan xeyli sayda "jurnalist” həbs olunub. Amma atılan addımlara, mətbuat müstəvisində aparılan müzakirələrə baxmayaraq, problem günü-gündən daha da aktuallaşır. Bu problemin həlli ilə bağlı Mətbuat Şurasından böyük gözləntilər var. Şuranın "reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının səlahiyyətlərinin artırılması, tərkibinin genişləndirilməsi, buraya Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələrinin daxil edilməsi də bir növ bu gözləntilərə cavabdır. Belə görünür ki, Mətbuat Şurası bu yolla problemin həllinə müvafiq dövlət qurumlarını da cəlb etmək istəyir. Məqsəd məhkəməyə qədərki dövrdə mediadan gələn şikayətlərin daha detallı formada araşdırılmasına nail olmaqdır”.
İ.Quliyev bildirib ki, yeni format daxil olan şikayətlərin daha konkret şəkildə araşdırılmasına şərait yaradacaq:
"Eyni zamanda komissiya üzvləri qərar verərkən daha əmin davranmaq imkanına malik olacaqlar. Dəyişikliyin bu sahədəki problemlərin həllinə necə təsir göstərəcəyinə gəlincə, bunu zaman göstərəcək. İstənilən halda, Mətbuat Şurasının bu addımı "reket jurnalistika” ilə bağlı uzun illərdir həllini gözləyən problemin həllinə kiçik də olsa bir töhfə ola bilər. Hesab edirəm ki, komissiyanın yeni formatı "reketləri” bir az ehtiyatlı olmağa sövq edəcək. Amma şikayətlərin araşdırılmasına dövlət qurumlarının nümayəndələrinin cəlb edilməsi ilə bu problemin həllini birdəfəlik tapacağına inanmaq da sadəlövhlük olardı. Problem daha dərindir və onun həlli ilə bağlı kompleks tədbirlər görülməlidir”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov da deyib ki, bu qərar bütün media mənsubları üçün çox vacibdir:
"Reket jurnalistika məsələsi çoxdan yoluna qoyulmalı idi. Buna doğru istiqamət götürməyimiz çox yaxşı haldır. İstərdim ki, faydası çox olsun və mediamız reketlərdən və təsadüfi insanlardan xilas olsun. Effekti indidən demək çox çətindir. Çünki görüləsi işlər çoxdur və proses çox ağır keçəcək. Amma əminəm ki, bu işin mediaya çox böyük təsiri olacaq və təşəbbüs faydalı olacaq. Açığı, bundan sonra inanmıram ki, neqativ işlərlə məşğul olan bəzi "media” orqanlarının məsuliyyət hissi artsın. Ümumiyyətlə, bunu gözləmək lazım deyil. Bir də yaxşı olardı ki, bu məsələdə müəyyən cəza mexanizmi də tətbiq edilsin. Bəlkə onda bəzi insanlar başa düşdülər ki, gördükləri iş cəmiyyətə, dövlətə xeyir vermir, əksinə, ziyanlıdır”.
"Report.az” saytının baş redaktoru Murad Əliyev vurğulayıb ki, Komissiyanın səlahiyyətlərinin artırılması "reket jurnalistika” ilə mübarizənin daha kəskin xarakter almasına gətirib çıxaracaq:
"Bunun şahidi olacağıq. Bu mübarizə əvvəllər də aparılırdı, lakin bir sıra hallarda yalnız həmin mətbu orqanın fəaliyyətinin təndiq olunması, "qara siyahı”ya salınması ilə nəticələnirdi. Özlərini "jurnalist” adlandıran həmin şəxslər də digər bir media adı ilə qeydiyyatdan keçib öz fəaliyyətini davam etdirirdilər. Xüsusilə də elektron mediada bir xəbər saytının ləğv olunub digər sayt adı ilə fəaliyyətə başlaması "iki vuraq iki” qədər asan işdir. Lakin, bu müzakirələrin hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilməsi, mətbuata aidiyyəti olmayan, yalnız qarayaxma ilə məşğul olan şəxsləri bu məsələdən çəkindirəcək”.
"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev isə Mətbuat Şurasının "reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının səlahiyyətlərinin bu tərkibdə genişləndirilməsinin effekt verəcəyini düşünmür. O hesab edir ki, əksinə, cəmiyyətdə belə bir ab-hava formalaşacaq ki, guya güc strukturları vasitəsilə mətbuata təzyiqlər edilir:
"Artıq Əflatun Amaşovun məlum açıqlamasından sonra bu kimi reaksiyaların şahidi oluruq. Onsuz da bu günə kimi Mətbuat Şurası reket xarakterli materiallarla bağlı güc strukturlarına müraciət edirdi. Düşünürəm ki, bu ənənəni davam etdirsələr, daha yaxşı olar. Qeyd olunur ki, bu dəyişkliyin məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır. Hesab edirəm ki, məlum dəyişiklik təqdim olunan məqsədə xidmət etməyəcək. Azərbaycanda heç bir ciddi media və jurnalist reket fəaliyyəti ilə məşğul olmur. Bu fəaliyyət növü ilə məşğul olan media qurumlarını, saytları da hamı yaxşı tanıyır. Mətbuat Şurasının məlum komissiyası da daxil olan şikayətləri araşdırır, qərəz, şantaj, böhtan yazan media orqanlarını "qara siyahıya” salır. Komissiyanın hazırkı tərkibi kifayət qədər peşəkar həmkarlarımızdır və onlar hansı yazının reket xarakterli olduğunu daha yaxşı bilirlər. Bunun üçün DTX, DİN, Prokurorluq və başqa qurumların əməkdaşlarının prosesə cəlb olunmasına ehtiyac yoxdur. Azərbaycan hüquqi dövlətdir, bu kimi problemlərin həlli üçün məhkəmə orqanları var. Təhqir və şantaj olunan tərəflər məhkəməyə müraciət etməklə hüquqlarını qoruya bilərlər”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb