Seçim imkanı var

Gürcüstandakı azərbaycanlılar faydalı namizədə səs verəcək



Millət vəkili Fazil Mustafa oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlama verib. Deputatın sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar onlara qarşı normal münasibət bəsləyən, onlarla bağlı konkret addımlar atan namizədə dəstək verməlidirlər.
O bildirib ki, azərbaycanlılar gələcək komandada yer almağa çalışmalıdırlar: "Prezident və parlament seçkiləri azərbaycanlılar üçün həyati əhəmiyyət daşıyır. Soydaşlarımız nə qədər çox təmsilçilik əldə etsələr, səsimiz bir o qədər ucadan gələcək. Azərbaycanlıların faydasına olan namizədi aktiv dəstəkləmək lazımdır”.

Deputatın açıqlaması ilə bağlı "Şərq”ə danışan "Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirib ki, vaxtilə Gürcüstan hakimiyyəti soydaşlarımızın nazir təyin ediləcəyinə dair fikirlər səsləndirmişdi. Lakin bu vədlər yerinə yetirilmədi: 

"Əksinə, mədəniyyətimizin inkişafı ilə bağlı Elat bayramının üzərində oyun oynadılar və mənim Gürcüstana girişimə qadağa qoydular. Deməli, sözləri ilə əməlləri üst-üstə düşmədi. Düşünürəm ki, namizədlərin keçmişinə baxdıqda, onlardan Gürcüstan üçün faydalı olanların seçim imkanları daha geniş olacaq. Namizədlərin tərkibinə baxanda görürük ki, bu gün nəinki Gürcüstanda, postsovet məkanında, eyni zamanda Avropa institutlarında təqdir olunan islahatlar paketinin müəllifi və bu kursu davam etdirən namizədlər var. 

Bunun özü də çox önəmlidir. Yəni, islahata meyilli, mədəniyyətin və dilin inkişafına, milli məktəblərin qorunması ilə ali təhsil alacaq uşaqların inkişafında iqtidar bir kurs kimi rol oynayıb. Bu, pozitiv bir hadisədir. Düşünürəm ki, Gürcüstan cəmiyyətinə verdiyi faydalara uyğun olaraq namizədlərin çeşidlənməsi və onlar arasında seçim etmək imkanı kifayət qədərdir”.

Yeganə Bayramova