Səfir öz ölkəsinin siyasətinin təmsilçisidir

Litsenberqerin bəyanatları elçi postuna təsdiqlənmək üçün istifadə etdiyi söz yığınıdır



ABŞ-ın Azərbaycandakı səfiri postuna namizəd Erl Litsenberqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün ciddi səy göstərəcəyini vəd edib. Bu barədə Erl Litsenberqer ABŞ Senatının xarici məsələlər komitəsində Azərbaycana səfir təyin edilməsi ilə bağlı dindirilərkən deyib. Dindirilmə zamanı ona Vaşinqtonla Bakı arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqla və Dağlıq Qarabağ münaqişəsinə yanaşması ilə bağlı suallar verilib. Litsenberqer bildirib ki, Azərbaycan uzun illərdir təhlükəsizlik və beynəlxalq terrorizmlə mübarizə sahələrində Vaşinqtonla əməkdaşlıq edir. Həmçinin, Azərbaycan Amerika məhsullarının - təyyarələr, kənd-təsərrüfatı avadanlıqları, maşınlar, digər məhsul və xidmətlərin ixracı üçün əhəmiyyətli xarici bazar rolunu oynayır.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, Litsenberqer nizamlanma ilə bağlı Vaşinqtonun öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə kömək edəcəyini vurğulayıb: "Cənubi Qafqazın çiçəklənən gələcəyi və təhlükəsizliyinin təmini üçün ən başlıca prioritet Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyünə hörmət və xalqların öz müqəddəratını təyinetmə də daxil olmaqla, münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyi davam etdirəcək. Əgər səfir kimi təyinatım təsdiqlənərsə, ABŞ Administrasiyasının üzərinə götürdüyü öhdəlikləri dəstəkləyəcəm”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Erl Litsenberqeri Amerikanın Azərbaycandakı səfiri postuna namizəd kimi irəli sürüb. Litsenberqer hazırda ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər bürosunda baş məsləhətçi vəzifəsində çalışır. Fransız, rus, serb və bolqar dillərində sərbəst danışa bilir.

Səfirliyə namizədin bəyanlarını "Şərq”ə dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycana təyin olunan bütün amerikalı səfirlər Senatdakı dinləmələrdə eyni sözləri təkrar ediblər: 

"Lakin onların sözləri ümumi nəticəyə təsir etməyib. Məsələ burasındadır ki, səfirin münaqişənin həllində səylərinin nəticə verməsi üçün birinci növbədə təmsil etdiyi ölkəsi fəallaşmalı və münaqişənin həllini istəməlidır. Bu olmadıqda səfir nə qədər səy göstərsə də, nəticəsi olmayacaq. Əlbəttə, bunu səfir özü də bilir. Bəs niyə Senatda reallaşması mümkün olmayan vədlər verir? Çünki, səfir Senatda təsdiq olunmasını istəyir və bunun üçün istənilən vədi verməyə hazırdır. Sonrası isə onu çox da maraqlandırmır”.

İsmayıl