Sosial şəbəkəni heç kim tənzimləyə bilməz

Ələsgər Məmmədli: "Ən yaxşı yol əhəmiyyət verməməkdir, ciddiyə almamaqdır"
"Sosial şəbəkədə təhqir kampaniyalarına qarşılıq vermək üçün ictimai əhəmiyyətli məsələlərin müzakirəsini çoxaltmaq və bu istiqamətdə daha ciddi addımlar atmaq lazımdır"


Sosial şəbəkələrdən istifadə çoxdandır həyatımızın ayrılmaz parçasına çevrilib. Son vaxtlar bu mövzu aktual məsələ olaraq cəmiyyətin müxtəlif təbəqələri arasında geniş müzakirəyə səbəb olub. İnsanlar virtual aləmdə yalnız ictimai məsələləri, problemləri müzakirə etmirlər, eyni zamanda başqasının şərəf və ləyaqətinə müdaxilə etməkdək çəkinmirlər. Buna görə də hüquqi müstəvidə qanunların daha təkmil formasını hazırlamağın vacibliyi hiss olunur. 

Təbii ki, bu qanuni nizama salmanın məqsədi odur ki, insanların şərəf və ləyaqəti, həyat və sağlamlığı kimi amillər mühafizə altına alınsın. Bəzən kompüter arxasında özlərini "güclü", "ədalətli", "qanunsevər" göstərməyə çalışan bəzi şəxslər başqalarının hüquqlarını pozmağa, onları təhqir etməklə söz sahibi olduqlarını göstərməyə çalışırlar. Təəssüf ki, sosial şəbəkələr bir çoxlarının təhqir tribunasına çevrilib. Bəzən bu təhqirlər insanların psixologiyasına, onların şəxsi həyatına, işgüzar nüfuzuna da xələl gətirmiş olur. Hüquqi müstəvidə bunların qarşısını almaq vacibdir.

"Sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalanlar isə cəmiyyətin daha çox ziyalıları, ictimai simaları, tanınmışları olur". Bu barədə ötən gün Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə də xüsusi şəkildə vurğulayıb:

"İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar. Əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur. İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu, bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”.

İcra katibi qeyd edib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir:

"Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.

Məsələ ilə bağlı hüquqşünas, media üzrə ekspert Ələsgər Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, internet üzərində mənəvi terrora məruz qalmamaq və bunun qarşısını almaq üçün hüquqi müstəvidə ciddi addımlar atılmasının əhəmiyyəti yoxdur: 

"Əvvəla, təhqir və mənəvi terror təkcə sosial mediada və internetdə deyil, ictimai əhəmiyyətli məkanlarda da rast gəlinən hadisədir. Düşünmürəm ki, sosial şəbəkəyə hər hansı formada nəzarət etmək, qanunla onların qarşısını almaq tam mümkün olsun. Ən yaxşı çıxış yolu bu kimi ictimai əhəmiyyəti olmayan çıxışlara əhəmiyyət verməməkdir, ciddiyə almamaqdır. Bununla da onların atdığı addımın bir əhəmiyyət daşımadığını sərgiləmək olar. Sosial şəbəkələrdə daha faydalı mövzulara toxunmaq və bu istiqamətdə addımlar atmaq lazımdır. İctimai əhəmiyyətli mövzuları daha çox önə çəkib bu istiqamətdə işlər görmək daha çox təsir gücünə malik ola bilər. Amma böyük mənada sosial şəbəkəni heç kim tənzimləyə bilməz. Bilirsiniz ki, çox zaman sosial şəbəkələrdə bu təhqirləri ünvanlayanlar Avropa və digər ölkələrdə otururlar və onların xüsusi məxfi oyun qaydaları var. Onlar bu şəkildə fəaliyyət göstərirlər. Sosial şəbəkəyə tam nəzarət yalnız sosial şəbəkədən istifadəyə qadağa qoymaqla mümkün ola bilər, bu da bir metod deyil. Demokratik, müasir cəmiyyətdə yaşayırıqsa, qadağadan söhbət gedə bilməz. Sosial şəbəkədə bu şəkildə kampaniyalara qarşılıq vermək üçün ictimai əhəmiyyətli məsələlərin müzakirəsini çoxaltmaq və bu istiqamətdə daha ciddi addımlar atmaq lazımdır ki, onların görəcəyi işlər kölgədə qalsın".

Ə.Məmmədli həmçinin onu da qeyd edib ki, ictimai əhəmiyyətli məsələlərə adekvat reaksiya göstərilməlidir ki, cəmiyyət də hiss etsin ki, ciddi mövzular müzakirəyə çıxarılır və problemlər aradan qaldırılır:

 "Azərbaycan qanunvericiliyində bu gün sosial şəbəkə üzərindən təhqirlə bağlı kifayət qədər qanunlar var. Deyək ki, böhtana, təhqirə görə məsuliyyətə cəlb oluna bilərsən. Amma bu təhqiri edən Nyu-Yorkda oturubsa, qanun çərçivəsində onu necə məsuliyyətə cəlb etmək olar? Bu, real deyil. Azərbaycan qanunu Los-Ancelesdə keçməz. İnternet sərhədsizdir, internetə qanunla hədd qoymaq mümkün deyil".

İlahə Əhmədqızı