"Piyadalar düşünürlər ki, nə istəsələr edə bilərlər, onlara hər şey olar"
Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadaların vurulması ilə nəticələnir, ölüm və xəsarət halları da ən çox piyadalar arasında qeydə alınır.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, burada həm piyadaların, həm də sürücülərin günahı var: "Piyadaların günahı arxa planda qalır. Çünki piyadanın təqsiri nəticəsində başqa adamlara zərər dəymədiyinə görə hüquq-mühafizə orqanları onları araşdırmır. Ancaq piyada zərərçəkən olsa da, əslində onun özünün də günahı var”.
Ekspertin sözlərinə görə, bir çox sürücülər yol-hərəkət qaydalarını yaxşı bilmir, avtomobili təhlükəsiz idarə etməyi bacarmır:
"Əgər sürücü özündən qabaqda olan nəqliyyat vasitəsinin qarşı hissəsini tamamilə görmürsə, həmin nəqliyyat vasitəsini keçməməlidir, çünki həmin nəqliyyat vasitəsinin qarşısında piyada ola bilər və o, gözlənilmədən arxada gələn maşının yoluna çıxa bilər. Bax, bu və ya digər təhlükəsizlik qaydalarına əməl etmək lazımdır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, bu istiqamətdə təbliğat işi aparılmalıdır. Bir sürücü kimi piyadanın günahı ucbatından əziyyət çəkdiyini deyən professorun fikrincə, piyada ilk növbədə özünü, öz təhlükəsizliyini, sonra da sürücünü, yaxud yolunu kəsdiyi avtobusun, avtomobilin içərisində olanların təhlükəsizliyini düşünməlidir:
"Avtomobil, yaxud avtobus getdiyi yerdə bir də görürsən hardansa piyada yolun ortasında peyda oldu. Yaxud yolun ortasında avtobusdan düşüb qaçmağa, ya da yolun ortası ilə gedən avtobusa doğru qaçmağa başladı. Bu, küçə hərəkəti qaydalarının kobud surətdə pozulması deməkdir. Piyadalar düşünürlər ki, nə istəsələr edə bilərlər, onlara hər şey olar. Bəzən piyada qəza vəziyyəti yaratdıqda, sürücü onu vurmamaq üçün istiqaməti dəyişərək başqa bir avtomobilə, yük dolu, insan dolu maşına çırpılır".
A.Qeybullanın fikrincə, piyadaların yol hərəkəti qaydalarına əməl etmələri üçün hansısa işlər görülməlidir:
"Qonşu Rusiyada Sovetlər dağılandan sonra piyadalar üçün böyük miqdarda cərimələr həm qanunla tətbiq edilib, həm də reallıqda tətbiq edilir. Rusiyada piyadanın səhvi ucbatından qəza baş verərsə, bu zaman sürücüyə deyil, piyadaya cinayət işi açılır. Təəssüflər olsun ki, bizdə çox vaxt sürücülər günahkar olurlar. Piyadalar arasında təbliğat işi aparılmalıdır ki, yalnız onlar üçün ayrılmış yerlərdən keçsinlər. Amma yeraltı və yerüstü keçid olan yerlərdən belə, piyadalar onların keçməməsi üçün qoyulan dəmir "barı"ları aşaraq keçirlər. Hesab edirəm ki, qanunvericiliyə yenidən baxılmalı və yol hərəkəti qaydalarını pozduqlarına görə piyadalara çox ciddi cərimələr kəsilməlidir".
Qeyd edək ki, piyadanın qanunla müəyyən edilən vəzifələri var:
"Piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Eyni zamanda piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
Şəymən