Teatrımızdan "qan damır"

İntiqam Soltan: "Bu saat hərənin başı öz işinə qarışıb. Teatrımıza kim qayğı göstərməlidir ki? "


Ən qədim incəsənət sahələrindən biri olan teatr cəmiyyətin bir qolu, canlı ünsiyyət vasitəsidir. Zaman dəyişir, teatr da cəmiyyətin güzgüsü olduğundan daim yenilənməlidir. Orada cəmiyyətdə baş verən hadisələr, yaşanan problemlər öz əksini tapmalıdır. 

Bütün bunlar bir yana, son illərdə cəmiyyətdə belə fikirlər səsləndirilir ki, insanların teatr sənətinə olan marağı azalıb. Xüsusilə, ziyalılar, yaşlı nəsil gənclərin, tələbələrin teatrlara az getdiyini irəli sürüb, tənqid edirlər.

Amma belə bir qütbləşmə də yaranır ki, teatra gedən insanlar, xüsusilə maraqlanan gənclər, bu sənətin təbliğinin lazımi qaydada aparılmadığından, biletlərin bahalığından, tələbələrə, şagirdlərə endirimlər edilməməsindən şikayətlənirlər. 

Maddi əsaslardan başqa hətta çoxları Azərbaycan teatrlarında dövrümüzlə səsləşməyən, köhnə əsərlərin səhnələşdirilməsindən də gileylənir. Onlar bildirirlər ki, səhnəyə yeni əsərlər qoyulmalı, teatra yeni nəfəs gətirilməli, bu sahəyə gənclər arasında maraq artırılmalı, təbliğat genişlənməlidir.

Teatrın təbliği üçün aparılan son işləri, xüsusilə, gənclərin və uşaqların maraq dairəsinə xidmət edən Bakı Uşaq Teatrının (BUT) direktoru və bədii rəhbəri İntiqam Soltandan xəbər aldıq. İ.Soltan teatra marağın artırılması, gənclərin cəlb olunması üçün bu sahədə çalışan hər kəsin fərd olaraq üzərinə müəyyən öhdəliklər düşdüyünü deyir. BUT-un bu istiqamətdə gördüyü işlərdən danışan teatr rəhbəri universitetlərdə, bütün Azərbaycan rayonlarında narkomaniya ilə bağlı təbliğat tamaşaları keçirildiyini vurğulayıb:

"Gənclər və İdman Nazirliyinin köməyi, dövlətin maliyyə dəstəyi ilə getdiyim rayonların hər hansı birində, eləcə də universitetlərdə pulsuz teatr tamaşalarımız olub. Son bir ildə az qala 100 faiz bahalaşma var, teatrımızda isə bilet qiymətləri bir qəpik belə artmayıb. Digər tərəfdən mən özüm də bir layihə həyata keçirməyə qərar vermişəm  Artıq bu istiqamətdə ilk addımı da atmışam. Rayonlarda, bölgələrdə, bölgə teatrları ilə danışıb, nazirlik səviyyəsində bunu həll etmək istəyirəm. Bölgə teatrlarında bir qəpik belə ummadan uşaq tamaşaları hazırlayıram. Amma bir şərtlə ki, o biletlərin dəyərləri bir az ucuz olsun.

Xüsusilə, Ağdam rayon teatrlarında belə pulsuz tamaşalar hazırlanıb. Ağdam Dövlət Dram Teatrında tamaşalar oynanılmağa başlayıb. Bunun arxasında bir çox məsələlər dayanır. Uşaqları tamaşaya cəlb etmək üçün çox variantlara əl atmaq lazımdır. Birinci növbədə əlaçı oxuyan, dərsə meylli uşaqları tamam pulsuz dəvət etməliyik. O biri uşaqlar bilsin ki, oxuyan üçün hər yerdə açıq qapılar və hörmət var. Onlar ən azından əlaçılığa, yaxşı oxumağa cəhd etsinlər. Pifaqorun bir gözəl sözü var: "Qaranlığı zülmət etməkdənsə, həmin qaranlıqda bir şam yandırmaq daha yaxşı olar”. Mən özüm yanan bir şam olaraq istəmişəm ki, başqa nələrsə də edim. Biz əksinə biletin qiymətini daha da ucuzlaşdırdıq ki, bütün qiymətlər qalxdığı vaxtda heç olmasa camaatın cibinə girməyək”.

Gənclərin elmə, təhsilə, mədəniyyətə marağının artırılmasının yollarını izah edən İ.Soltan kitabların baha olması məsələsinə də toxunub. O bildirib ki, gənclər bu barədə fikirlərində haqlıdır, kitabların qiyməti çox yüksəkdir:

"Amma bunu qınaya da bilmirəm. Biz may ayında teatrın 15 illiyi ilə əlaqədar kitab çap etdirmək istəyirik. Və fikrimizdə olan, teatr haqqında albom – kitabı çap etdirmək üçün 100 ədədə 1000 manat pul verməliyik . Həmin kitabların satışı edilməyəcək, kitabxanalar, Mədəniyyət və İncəsənət Universiteti və mədəniyyət yönümlü müəssisələr üçün mədəni arxiv kimi hədiyyə edirik. Bir kitabın çapı çox baha başa gəlir Ona görə də, qiymətlərinin yuxarı olmağını qınamalı deyilik. Sadəcə düşünürəm ki, bu məsələlərə dövlət qayğısı xüsusi olmalıdır.

İ.Soltan diqqətə çatdırıb ki, BUT-un bir manat belə bilet satışı eləmədiyi hallarda, əlamətdar günlərdə bütün mətbuatda, Kütləvi İnformasiya Vasitələrində jurnalistlər və onların övladları üçün xüsusi bir gün ayrılıb, ödənişsiz tamaşalar oynanılıb:

"Və bizim yeni bir layihəmiz də var. Bu layihə jurnalistlərdən, kütləvi informasiya vasitələrinin işçilərindən ibarət bir tamaşa hazırlamaqdan ibarət olacaq. Bir çox hallarda mətbuat nümayəndələrimizin teatr haqda məlumatları geniş olmadığı üçün tamaşalar haqqında bir qədər kəskin fikirlər söyləyirlər. Amma nəzərə almırlar ki, orada dayanan aktyorlar bir sözün düzgün tələffüzü üçün həftələrlə əziyyət çəkirlər. Çox istəyirəm ki, jurnalistlər zaldan səhnəyə yox, bir dəfə də səhnədən zala baxsınlar. Onlara tamaşada oynamağı təklif etmək məqsədilə belə layihə həyata keçirməyi qərara aldıq.
Son olaraq əlavə etmək istərdim ki, qətiyyən mən qayğısızlığımızdan gileylənmədim. Çünki iş olduqda onlar heç gözə görünmür. 

Bu saat hərənin başı öz işinə qarışıb. Teatrımıza kim qayğı göstərməlidir ki? Ona görə də mənim bir ideyam var - Azərbaycan üçün işləmək, Azərbaycan gəncliyini, yeniyetmələri dünya səviyyəsində böyütməyə cəhd etmək, çalışmaq. Buna görə də özüm dünya səviyyəsində güclərə malik olmalıyam ki, gənclərə yol da göstərə bilim. İnsan necə azad doğulubsa, o cür də azad böyüməlidir, cəmiyyətdə baş verə biləcək neqativ hallara qarşı mübarizə aparılmalıdır. Çox zaman mənfi vəziyyətlər cəmiyyətin cahilliyindən baş verir. Ona görə insanları məlumatlandırmaq, bunlara qarşı maarifləndirmək vacibdir. Teatr sənətinin və biz teatrşünasların da əsas qayəsi məhz cəmiyyətin intellektinin artırılmasına nail olmaq, neqativlərə qarşı mübarizədə insanlarımıza düzgün istiqamət verə bilməkdir”.

Aysel Aslan