Təhsil Nazirliyi Nazirlər Kabinetinə qarşı... - Qərar dəyişdirilib




"Xaricdə oxuyan tələbələr gəlib, ölkədə yenidən imtahan verməlidir. Dünyanın heç bir yerində belə hal yoxdur”.

Bunu Sherg.az-a 2016-cı ildə xaricdə təhsil alan 930 tələbənin diplomunun tanınmamasına münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, gənclər diplom alıbsa, onun imtahan verəcəyi yer iş yeri olmalıdır:

"Bizdə isə işə qəbula qədər qəbul imtahanı keçirirlər. Hamı yaxşı bilir ki, burada 100-150 bal toplaya bilməyənlərin əksəriyyəti Rusiyada Ukraynada, digər ölkələrdə diplom alırlar. Bu diplomlar isə qanunsuz sayıla bilməz. Çünki normal akkreditasiya qaydası var. Normal təhsil prosesi keçirilib, tələbələr qanuni sərhədi keçib, auditoriyalarda dərslərdə oturub. Onların diplomlarının tanınmamağı Nazirlər Kabinetinin 2003-cu ildə verilən qərarına ziddir. Təhsil Nazirliyi əvvəl bu qərarı tanımadı sonra isə özü buna dəyişiklik edib. 

Hesab edirəm ki, o diplomlar akkreditasiyaya uyğun həyata keçirilibsə, burada keçirilən fənlər xarici ölkə universitetlərində keçirilən fənlərlə oxşardırsa, tələbələr qanuni şəkildə oxuyublarsa diplomları tanınmalıdır. Pis, yaxşı oxumağın fərqi yoxdur. Azərbaycanda da "2” qiymətinə layiq tələbələr diplom alırlar. Təhsil Nazirliyi həmin tələbələri təzədən imtahan etmir. Açıq deyirəm ki, bu qanuna uyğun olmayan hərəkətdir. Bu addımın məqsədi Azərbaycandan xaricə abituriyentlərin axınının qarşısını almaqdır. Bu gün də xarici ölkələrdə təhsil alanların diplomlarının tanınmamağı qanunsuzdur”.

Qeyd edək ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinə ümumilikdə 2756 sənəd üzrə emal prosesi başa çatdırılıb və onlardan 1826 təhsil sənədi müsbət (o cümlədən, məzun olduqları ölkələr üzrə: Rusiya 629, Ukrayna 389, Türkiyə 346, Gürcüstan 34 və digər ölkələr üzrə 428), 930 təhsil sənədi isə (o cümlədən məzun olduqları ölkələr üzrə: Rusiya 463, Ukrayna 356, Türkiyə 20, Gürcüstan 64 və digər ölkələr üzrə 27) mənfi cavablandırılıb.

Ayyət Əhməd