Tramp Putin üçün hədiyyədir?

Ağ Ev rəhbəri heç nəyə məhəl qoymadan öz işini görür



"ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir”. Bunu CNN televiziyasına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt deyib. Onun sözlərinə görə, Rusiya bütün gücü ilə ABŞ demokratiyasına təzyiq göstərməyə, Amerikanı özünün bütün müttəfiqləri ilə düşmən etməyə çalışır: "Məncə, Tramp çox şeydə Putin üçün hədiyyədir. 

O da Putin kimi ABŞ-ın avropalılarla və NATO ilə əlaqə qurmaması gərəkdiyini iddia edir”. Əslində, Donald Trampın yürütdüyü xarici siyasət, Rusiya ilə bağlı mövqeyi tez-tez tənqid hədəfinə çevrilir. Bəziləri hesab edir ki, Ağ Ev rəhbərinin siyasi qərarları, dilə gətirdiyi ifadələri, Avropa ilə bağlı addımları dolayı yolla Rusiyanın işinə yarayır. Ancaq vurğulanır ki, Tramp Rusiyanı açıq formada müdafiə etmir, sadəcə fərqində olmadan Kremlin mövqeyinə uyğun addımlar atır.

Məsələni "Şərq”ə şərh edən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli isə düşünür ki, Donald Trampın Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyə olduğunu birmənalı iddia etmək mübahisəli məsələdir. Ekspertin sözlərinə görə, Trampın fərqli prezident olması, əvvəlki rəhbərlərlə müqayisədə gözlənilməz addımlar atması reallıqdır: 

"Tramp ənənəvi ABŞ prezidentləri kimi davranmır. Ağ Evin indiki rəhbəri üçün ən ümdə məsələ ölkənin iqtisadiyyatı, daxili sosial təminatıdır. Ona görə də açıq şəkildə bəyan edir ki, Avropa ölkələri və ərəb monarxiyaları istəyərlərsə, Amerika həmin bölgələri Rusiyadan, İrandan və terrorçu qüvvələrdən qoruya bilər. Amma bunun üçün ABŞ-a maliyyə vəsaiti ödənilməlidir. Yəni Tramp bəhs edilən ölkələri qorumağı, eyni zamanda onlara maddi yardım ayırmağı qəbul etmir, lüzumsuz sayır. Əlbəttə, Trampın bu mövqeyi mövcud siyasi prinsipləri və balansı dəyişir. Lakin buna baxmayaraq, Ağ Ev rəhbəri heç nəyə məhəl qoymadan öz işini görür. Onun tezliklə impiçmentlə üzləşəcəyini iddia edənlər də yanılırlar. Görünən odur ki, prezident öz mövqelərini möhkəmləndirməkdədir”.

İsmayıl