"Turistlər Azərbaycanda özlərini tam təhlükəsiz və rahat hiss edirlər" - Mütəxəssis




"Hazırda bütün dünyada turizm üçün ən əsas şərt sabitlik və əmin-amanlıqdır. İndi heç kim araşdırmamış, ölkənin vəziyyətinə bələd olmamış, ayağını qapıdan çölə atmır.Məlumdur ki, hansı ölkədə daxili qarşıdurma və ya xarici müdaxilə, ümumən təhlükəli vəziyyət yaranırsa, hökumət vətəndaşlara həmin ölkələrə səfər etməməyi məsləhət görür. Azərbaycan isə artıq sabit ölkə kimi tanınır".

Bunu "Sherg.az"a turizm sahəsi üzrə mütəxəssis Elxan Vəliyev deyib. 

O qeyd edib ki, turizm imkanlarının genişliyi, ölkəmizi xaricilər üçün cəlbedici edir:

"Xaricilərin ölkəmizə marağının artmasının əsas səbəblərindən biri ölkədəki daxili stabillik, təhlükəsiz şəraitin mövcudluğudur. TuristlərAzərbaycanda özlərini tam təhlükəsiz, rahat hiss edirlər. İkinci amil, son illər Azərbaycan hökumətinin turizm sektorunun inkişafı üçün lazımi addımlar atmasıdır. Azərbaycanda gözəl turizm infrastrukturu var.

 Turizm imkanları da genişdir. Bilirsiz ki, dövlət başçısı turizm sektorunun inkişafını daim diqqətdə saxlayır və gərəkən tapşırıqlar verir. Digər tərəfdən, təbliğat işi də yaxşı qurulub. Turistlərin cəlb edilməsində təbliğat böyük əhəmiyyət daşıyır. Ərəbləri Azərbaycana cəlb edən səbəblər də çoxdur. Birincisi, Azərbaycan müsəlman ölkəsidir. Həm də tolerant bir ölkədir. Azərbaycanda eynən Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi, islam mədəniyyəti ilə Avropa mədəniyyəti qoşalaşıb.

 Azərbaycanda heç kimə basqı yoxdur. İslam adət-ənənəsinə uyğun davranmaq istəyənlərə də, müasirliyə də eyni dərəcədə hörmət var. Hər kəs sərbəst seçim edir. Ərəblər də bunu bilir. Bilirlər ki, onlara burada heç kim "əyri” baxmayacaq. Üstəlik, ərəb ölkələrindən gələnlərin yaxşı maddi imkanları var. Onlar üçün 3 və ya 5 "ulduz”lu otellərdə qalmaq, səyahət etmək maddi baxımdan çətinlik yaratmır. Özlərini burada sərbəst hiss edirlər və ölkəmizi bəyənirlər və gəlirlər."

Ayyət Əhməd