XİN başçılarının görüşü nəyə hesablanıb? - Açıqlandı

Mehman Əliyev: "İndiki məqamda görüşlərin mahiyyəti müəyyən status-kvonu saxlamaq, tərəfləri daha gərgin vəziyyətin yaranmasından çəkindirməkdən ibarətdir "


"ABŞ və fransalı həmsədrlər görüşün keçirilməsini Rusiyaya həvalə edib".

Bunu Sherg.az-a bu gün Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin nəticələrini şərh edərkən "Turan" İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev deyib. Onun sözlərinə görə, uzun illərdir ki, bu danışıqlar prosesi keçirilir və uzanır:

"Amma indiki məqamda görüşlərin mahiyyəti müəyyən status-kvonu saxlamaq, tərəfləri daha gərgin vəziyyətin yaranmasından çəkindirməkdən ibarətdir. Başqa fərqli gedişlər hələ ki, görmürəm. Bu istiqamətdə beynəlxalq güclərin yeni münasibəti, fərqli baxışı yoxdur. Ona görə də, bu danışıqları həmin çərçivədə növbəti görüş hesab etmək olar. Prosesin indiki vəziyyətdə saxlanmağı xarakteri daşıyan başqa yol yoxdur. Azərbaycan ATƏT və BMT-ə də müraciət edib. Bu proses gedir. Prosesdən çıxmaq üçün imtina etmək olar. 

Amma bunun Azərbaycanı nə dərəcədə izolyasiya vəziyyətinə gətirib çıxara biləcəyi məsələsi də var. Bu, böyük problem yarda bilir. Yəni başqa yol yoxdur. Azərbaycanın öz gücünə hər şeyi həll etmək imkanı yoxdur. Çünki bu təkcə Azərbaycanla əlaqədar münaqişə deyil. Biz istəsək də, istəməsək də prosesə böyük qüvvələr də qatılıb. Onların da maraqları var. Maraqların toqquşması kifayət qədər mürəkkəb vəziyyət yaradır. İndiki durumda gedişləri izləmək, ümumi geosiyasi durumu düzgün qiymətləndirmək lazımdır. Bu, siyasətdir, diplomatiyadır. Burada siyasi, diplomatik, hərbi mexanizmləri işə salmaq olar. İndiki prosesdə məni cəlb edən hər hansı hadisə yoxdur ki, onun ətrafında müzakirə aparaq”.

Qeyd edək ki, Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Aysel Aslan