"Xocalının əsl qəhrəmanları balasını güllədən qoruyan analardır"
Xocalı Həftəsi" rubrikamızın bu dəfəki qonağı əslən Xocalıdan olan tanınmış jurnalist, Xocalı soyqırımı ilə bağlı bir neçə kitabın müəllifi və bu faciədə öz doğmalarını itirmiş Səriyyə Müslümqızıdır. Müsahibimizlə 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə baş verən Xocalı faciəsinin detalları, bu soyqrım nəticəsində xalqımızın başına gətirilən amansız işgəncələr və onun fəsadları barədə danışdıq.
O, Sherg.az-a açıqlamasımda qeyd etdi ki, aradan 25 il keçməsinə baxmayaraq bu faciənin sanki dünən baş verdiyini zənn edir:
" 25 il çox böyük rəqəmdir. Xocalını 1 yaşında tərk edən uşaqların indi 25 yaşı var. Amma onlar Xocalısız böyüdülər. Övladlarımı Xocalı uşaqları kimi böyüdürəm. Onlara hər an , hər gün Xocalıdan, y urd - yuvamızdan danışıram. Xocalıda qətlə yetirilən nənələrini, yəni anamı onlara xatırladıram. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndində 366-cı Motoatıcı alay tərəfindən Xocalı yerlə yeksan edildi. Və mən orada anamı itirdim. Övladlarım nənəsini görməyiblər. Lakin mən onlara təbliğ edirəm ki, biz Xocalı ruhunda böyüməliyik. Övladlarıma demişəm ki, Xocalını heç zaman unutmayın! Yaxşı yadımdadır ki, 3 il bundan əvvəl Macarıstanda insan haqları üzrə müvəkkil Elmira xanımla birgə beynəlxalq tədbirə qatıldıq. Orada Bosniya-Hersoqovina məsələsi qoyuldu. Eyni zamanda Xocalı soyqırımı da müzakirə olundu.
Həmin tədbirdən qayıdandan sonra gördüm ki, altıncı sinifdə oxuyan oğlum Xocalı ilə bağlı videoçarx hazırlayıb. Və onu "Youtube" kanalı üzərindən yayımlayıb. Mən onu uşaq hesab edirdim. Bimirdim ki, o, bu işləri görə bilər. Hər halda özümdə bir rahatlıq tapdım ki, övladlarımı bu ruhda böyüdə bilmişəm. Bu mənim vətəndaşlıq borcumdur. Elə bilirəm ki, vətəndaşlıq borcumu azacıq da olsa, yerinə yetirmişəm. Hər zaman düşünürdüm ki, sabah mən olmayanda övladlarım Xocalı ilə bağlı işlər görə biləcəkləmi?Qızım iqtisad universitetində 3-cü kurs tələbəsidir. O da, bir sıra tədbirlərə qatılır. Eyni zamanda mən onu özümlə 2014-cü ildə Almaniyanın Berlin şəhərində Brandenburq qapıları adlanan yerdə təşkil olunan aksiyaya apardım. Orada bu aksiyaya türk və azərbaycanlı tələbələr qatılırdı. Doğrudan da böyük bir aksiya oldu və polislər də təşvişə düşüb, aksiyanı dağıtmağa cəhd göstərdilər.
-Bilirik ki, "Onlar heç vaxt böyüməyəcəklər" əsərinizə film çəkilib və bu günlərdə o filmin təqdimatı oldu....
-2005-ci ildə 63 uşaqdan ibarət olan "Onlar heç vaxt böyüməyəcəklər" əsərimi yazmışdım. İndi bu əsərinə bir film ərsəyə gətirdim. Bu film ingilis dilində dubliyaj olundu. Həmin filmi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) təqdim etmişəm. Və o PDF vasitəsilə yayılacaq. Bir sıra məktəblərdə bu filmin təqdimatı keçilir. Artıq Təhsil Nazirliyi məktəblərdə filmin təqdimatının keçirilməsi istiqamətində göstəriş verib. Bundan başqa fevralın 22-də Ombudsman aparıtında həmin filmin təqdimatı və Xocalılarla görüş keçiriləcək. Biz sözlə, təbliğatımızı nə qədər güclü qursaq, daha yaxşı olar. O vaxt bizim əskiklərimiz olub. Beynəlxalq aləmə çıxmağımızda yanlışlarımız vardı. Xocalı barədə yazılan əsərlər və çəkilən filmlər istənilən səviyyədə olmurdu. Demirəm ki, orata nəysə qeyri -adi bir şey qoyaq. Amma işlərimizi daha da təkminləşdirməliyik. Ortaya dünyanı düşündürən kitab və filmlər qoymalıyıq. İdeoloji təbliğat çox böyük işdir.
-Qeyd etdiniz ki, əsərinizə çəkilən film ingilis dilində dublyaj olunub, XİN-ə təqdim olunub. XİN bunu xarici tribunaya çıxaracaqmı? Sizdə bu haqda məlumat varmı?
-Bu filmin arxasınca gedəcəm. Görüm, onun Avropa auditoryasına çıxaracaqlarmı. Mənə elə gəlir ki, biz Avropa auditoriyasına çıxmalıyıq. QHT- lər və digər strukturlar gedirlər Avropada tədbir təşkil edirlər və həmin mərasimə azərbaycanlıları dəvət edirlər. Azərbaycanlılara Xocalıdan, 20 yanvardan danışırlar. Anlamırlar ki, bu hadisələri azərbaycanlılar onsuzda bilirlər. Ora əcnəbi nümayəndələri dəvət etmək lazımdır. Biz ora gedib, oradakı əcnəbiləri yığmalıyıq. 2014-cü ildə "Dünya susmasın gərək" kitabımı yazdım. Bu Qarabağ müharibəsi və Xocalı soyqırımından bəhs edən kitabdır. Bu, Qarabağ müharibəsinin hansı gündə, hansı ayda baş verməsini göstərən əsər idi. Berlində Alman- Azərbaycan Kordinasiya Mərkəzi onun alman dilində təqdimatını keçirdi. Və mən ora almanları yığdım. Önəmli olan odur ki, ora əcnəbi yığmaq lazmdır. Özün deyib, özün eşitməyin nə mənası var ki? Düzdü, o da lazımdır. Bu soyqırım qan yaddaşımızda qalmalıdır. Ondan da daha önəmli olan işlər görməliyik. Bu il Almaniyanın Brefit şəhərində "Onlar heç vaxt böyüməyəcəklər " filminin təqdimatını keçriəcəm. Orada təhsil alan türk və azərbaycanlı tələblərə deyirəm ki, tədbirə əcnəbi tələbə yoldaşlarınızı cəlb edin. O auditoriyaya əcnəbi tələbləri yığın. Düzdü, biz belə tədbirlərdə adətən çalışırıq ki, vəhşi , qəddar ifadələrini işlətməyək. Çünki avropalılar belə sözləri qəbul etmirlər. Onlar dərhal aqressivləşirlər. Onları sakitcə anlatmaq lazımdır. Qışqıra - qışqıra deyil, asta-asta anlatmaq gərəkir. Yəni sən otur dərdini de. O gecə sənin başına gətirilən müsibətlərdən danış. Onu danışanda qəbul edirlər. Şəkillər və şahid ifadələrindən ibarət video təqdim elə. Öz başına gələnləri danış. Doğulub boya- başa çatdığın yuvanı itirdiyini de. Bunları sakit şəkildə deyəndə qəbul edirlər. Bu illər əzində çox dəfələrlə şahidi olmuşam ki, xaricdə Xocalı soyqırımı ilə bağlı çıxış edənlərin əskəriyyətinin Xocalıya aidiyyatı yoxdur. Elələri də var ki, Xocalı adı ilə gedib, Avropada yeyib- içib gəlir. Məncə, bu işdə daha çox gənclərəönəm vermək lazımdır.
-Niyə?
-Biz gənclərlə çox işlər görə bilərik. Əmim bir gecədə 3 oğlunu itirdi. Bu, bir ata üçün elə çox böyük dərddir. Amma o ayaq üstə dayandı. Öldüyü günə qədər ağladı. Bax bu cür insanları 10 il sonra tapa bilməyəcəyik. Bunları arxiv materiallar kimi saxlamalıyıq. Onların şahid ifadələrini filmlərə köçürməliyik. Zəif əsər yaza bilərik, amma səhv olmasın. Biz dünyəvi yazıçı və rejissor deyilik ki. Faktları, şahid ifadələrini saxlamalıyıq. 10 ildən sonra belə şahidləri tapa bilməyəcəyik. Baxın, biz Xocalının arxindən lazımı materialları tapa bilmirik. O vaxt onu çəkən profsionallar yox idi. Bu gün hamı sinəsinə döyüb, özünü qəhrəman sayır. Mənim üçün Xocalının əsl qəhrəmanları balasını güllədən qoruyan analardır. O vaxt Xocalını xaricdən gələn jurnalistlər çəkdi. Mən onlarla birgə Xocalıda oldum. Onlar gəldi sonra da Xankəndinə getdilər. Vicdanı olan Xocalını olduğu kimi yazdı. Vicdanı olmayan da gedib, erməninin xeyrinə yazdı.
Ayyət Əhməd