Yerevan: ABŞ-da axtarışda olan Rusiya vətəndaşı həbs olunub





ABŞ tərəfindən beynəlxalq axtarışı elan olunmuş Rusiya vətəndaşı Sergey Mironov hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında məhkəmənin qərarını gözləyir.
30 yaşlı Rusiya vətəndaşı şənbə günü Ermənistan paytaxtının Zvartnots hava limanında ölkəyə daxil olduğu zaman saxlanılıb.
ABŞ-ın sifarişi ilə beynəlxalq axtarışda olan Sergey Mironov "pul yumaqda" və qeyri-qanuni olaraq "məxfi texnologiyalar ötürməkdə" şübhəli bilinir.
Bazar ertəsi Ermənistan məhkəməsi Mironovu ABŞ-a ekstradisiya edib-etməmək məsələsi ilə bağlı qərar qəbul etməlidir, "Novosti" Rusiya informasiya agentliyi vəkil Karen Nersisyana istinadən bildirir.
Vəkil müdafiə etdiyi şəxsin sərbəst buraxılacağına ümid edir. Onun sözlərinə görə, Sergey Mironov cəmi bir dəfə 2013-cü ildə ixtisası üzrə qısamüddətli təlim keçmək üçün ABŞ-da olub.
Agentliklər Sergey Mironovun informasiya texnologiyaları (IT) sahəsində çalışdığını və Ermənistana həyat yoldaşı Yuliya ilə istirahətə getdiyini bildirir.
Rusiya-Belorus "Synesis" şirkətinin saytında Sergey Mironov ticarət qovşaqları istiqamətində inkişaf üzrə direktor kimi təqdim edilir. Şirkət videomüşahidə və kompüter "görmə qabiliyyəti" əsasında intellektual sistemlərin işləyib hazırlanması ilə məşğul olur. Sistemlər kütlənin cəmləşdiyi yerlərdə - metropoliten, dəmir yolları, ticarət müəssisələrində - təhlükəsizlik problemlərinin təmin olunması məsələlərini həll edir.
Hadisə ilə bağlı Rusiya agentliyinin müraciətinə cavab olaraq, ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabeth Trudeau "məsələ ilə bağlı yerli [Ermənistan] hakimiyyətə müraciət etməyi" məsləhət edib.
Ermənistanın rəsmi orqanları ABŞ-ın sifarişi ilə Rusiya vətəndaşının tutulub saxlanması ilə bağlı hələ heç bir şərh və ya bəyanat verməyib.