Zaxarovaya sərt cavab: "Onlar hələ də ağalıq iddiasındadır"



"Mariya Zaxarova Rusiyanın rəsmisi kimi elə ifadələr işlətməklə etik normaları kobud şəkildə pozub”.

Bunu Sherg.az-a Rusiya XİN rəsmisi Mariya Zaxarovanın azərbaycanlı jurnalistləri təhqir etməsinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, bu münasibətdən sonra təhqir olunan azərbaycanlı jurnalist xanımın dediyindən də sərt tənqidi onun özünə qaytarıb, demək hüququna malikdir:

"Çünki azərbaycanlıların Qarabağda girov saxlanması ilə bağlı sualları yalnız Rusiya rəsmilərinə deyil, bütün beynəlxalq qurumlara, görüşdüyümüz dövlətlərin rəsmilərinə ünvanlayırıq ki, onların qaytarılması təmin olunsun. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. İkili standartlarla yanaşmasınlar. Bizdən çox Rusiya öz vətəndaşı kimi D.Əsgərovun taleyi ilə maraqlanmalıdır. Əgər elə şəraitdə Rusiyanın müsəlman olmayan vətəndaşı ermənilər tərəfindən günahsız həbsə atılsa idi, Moskva sakit baxacaqdımı? Təbii ki, yox. M.Zaxarovanı təhqir edən, ona kobudluq edən yoxdur. Jurnalist özünün hüququndan istifadə edib sual verir. M.Zaxarova istəyir cavablandırsın, istəmir cavablandırmasın. Amma Azərbaycan jurnalistikasını niyə təhqir edir? Ona bu hüququ kim verib? Onun bu addımından elə çıxır ki, bunların müstəmləkəçilik, ağalıq fikirləri burunlarındadır. Bu gün də hesab edirlər ki, Azərbaycana qarşı haqsızlıq etmək olar. Dəfələrlə belə hallar təkrarlanır. Bunlar etik normaların pozulmasıdır, haqsızlıqdır, ağalıq iddiasında olmaqdır. Onlar düşünür ki, Azərbaycanda kimsə nə isə soruşmaq üçün götür – qoy etməlidir ki, bu, Rusiyanın xoşuna gələcək yoxsa, gəlməyəcək. Biz beləmi yaşamalıyıq? Əsla! Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlətin vətəndaşlarıyıq. Heç kimə qarşı təhqiramiz ifadə işlətmirik. Sadəcə soruşuruq ki, niyə günahsız insanlarımız öz doğma yurd yuvalarına getmək, əzizlərinin qəbirlərini ziyarət etmək "günahı” ilə tutulub, mühakimə olunub, qeyri-qanuni şəkildə Ermənistanda həbsdə saxlanılır? Mən hesab edirəm ki, jurnalistimiz haqsız təhqir olunub. Həmin jurnalist, başqası, ya da mən - hər bir azərbaycanlının M.Zaxarovanın dediyi sözü beş də artıq özünə qaytarmaq haqqımız var. Gərək o bir xanım kimi, rəsmi şəxs kimi elə ifadələrə yol verməsin”.

Qeyd edək ki, M. Zaxarova APA-nın Rusiya nümayəndəliyinin rəhbəri Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma "DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsib. Zaxarova Azərbaycan mətbuatında bu səpkidə yazılan yazıları "xamlıq” adlandırıb.

Aysel Aslan