Bakıda iki market cərimələndi

Bakıda fəaliyyət göstərən “Araz” və “Rahat” marketləri bitki spred yağlarını istehlakçılara kərə yağı adı altında satdığı üçün AQTA tərəfindən cərimələnib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, agentlik əməkdaşları Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20 ünvanında yerləşən “Araz” market və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “Rahat” marketdə yoxlamalar aparıb:

“Yoxlamalar zamanı hər iki marketdə bir sıra yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb. Yoxlamada bitki spred yağların istehlakçılara kərə yağı adı altında satılması halları aşkarlanıb ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır. Hər iki marketin rəhbərliyi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb və inzibati qaydada cərimə tətbiq olunub”.