Balıq ovu kəskin azalıb

Aparılan aqrar islahatlar nəticəsində müxtəlif növ kənd təsərrüfatı istehsalı məhsullarının həcmi artıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə olaraq son illərdə meşə fondu sahələrində fındıq, qoz, şabalıd kimi ixracyönümlü aqromeşə massivlərinin yaradılmasına start verilib. 

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsinə özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi seminarında deyib. 

O bildirib ki, bu, ekoloji təmiz məhsulların yaxşılaşdırılmasına gətirib çıxarır.

“Həmçinin, ölkənin əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Bu məqsədlə arıçılığın gələcək inkişafına təkan vermək üçün nektar verən ağacların əkilməsinə üstünlük verilir.

FAO-nun dəstəyilə hazırlanmış Milli Meşə Proqramında arıçılığın inkişafı nəzərə alınıb. Bu tədbirlər ölkənin bal təminatını artırır”. 

Onun sözlərinə görə, vacib amillərdən biri də əhalinin balıq və digər su resursları ilə təminatıdır:

“FAO və digər beylnəlxalq təşkilatların müşahidələrinə əsasən, dünyada balıq ovu kəskin azalıb. Əvəzində isə son 15-20 ildə əmtəə və akvokultura məhsullarının ümumi həcmi durmadan artır. Balıq növlərinin yetişdirilməsi əhalinin qida təminatında vacib yerlərdən birini tutur”, - deyə M.Babayev əlavə edib.