Rusiyadan olan Vladimir Luzay, “Aishshafa” klinikası Bakıdakı xəstələri aldadır? - FOTO

“Facebook” sosial şəbəkəsində “Medprosvet” tibb qrupunun həmtəsisçisi olan hepatoloq Zaur Orucov Media.az-a müraciət edib. Onun sözlərinə görə, Bakıda qeyri-ənənəvi müalicə üsulları həyata keçirən klinika - Rusiya vətəndaşı Aişa Paşayevanın rəhbərlik etdiyi “Aişshafa” Təlim və Sağlamlıq Mərkəzi fəaliyyət göstərir.

Saytın mərkəzində orqanizmin “yenidən yüklənməsi” sayəsində “əbədi gənclik” enerji turu barədə danışılır, hansı ki, səhhətin, fiquranın yaxşılaşmasına, ümumilikdə həyatın keyfiyyətinə təkan verir. Orqanizmin təmizlənməsi - sağlamlıq və uzunömürlülük barədə qədim elm olan “Ayurverdo” ilə, həmçinin “Kalaçakra-tantra yoqa”nın tənəffüs texnikası ilə həyata keçirilir. 



Maraqlıdır ki, sözügedən mərkəz barədə məlumat Vladimir Luzayın “YouTube” kanalında ortaya çıxıb. Lakin məqalə dərc olunarkən V.Luzay naməlum səbəbdən Bakıdakı “Aishshafa” klinikasının  fəaliyyəti barədə danışdığı videonu silmək qərarına gəlib.

Vladimir Luzay  alternativ tibbin sayəsində guya xərçəngdən sağala bilməsi ilə məşhurdur. Onun barəsində demək olar ki, bütün Rusiya KİV-lərində məlumat gedib, mediada o ,“şarlatan” kimi tanınır. Əvvəllər yük maşını sürücüsü olan Luzay xərçəngdən soda, hidrogen peroksid və sair vasitələrlə mübarizə aparmağa dəvət edir. Rusiyalı  həkim onkoloqlar onun bu üsullarını sərt şəkildə tənqid edərək, xəstələrə ənənəvi müalicədən istifadəni məsləhət görürlər.



V.Luzay pulsuz işlədiyini bildirsə də, hər videosunda onun müttəfiqləri - qeyri-ənənəvi yollarla kifayət qədər baha qiymətə müalicə aparan klinika və mərkəzlər görünür. 

“İlk dəfə bu mərkəz haqqında mən  “Xərçəngin Profilaktikası Fondu” qeyri-kommersiya təşkilatının (Sankt Peterburq) icraçı direktoru İlya Fominsevdən öyrənmişəm. Mərkəzin özünün saytında sağlamlıq müəssisəsi olduğu vurğulanıb, ancaq video bloqda Luzay belə müalicələrin xərçəngi sağaltmağa imkan verməsindən danışır. Hesab edirəm ki, aidiyyəti orqanlar Bakıda fəaliyyət göstərən  “Aishshafa” təlim və sağlamlıq  mərkəzini nəzarətə götürməlidirlər. Yeri gəlmişkən, Luzay öz videosunda Azərbaycan Milli Elmlər Akademiyasının da adını çəkərək, bu qurumla əvvəlcədən danışıldığı deyib”, - deyə Zaur Ocaqov bildirib.  



Media.Az “Aishshafa” ilə əlaqə saxlayıb. Ordan bildiriblər ki, mərkəz təhsil və sağlamlıq mərkəzidir, onun əsas istiqaməti orqanizmin təlimi və hüceyrə səviyyəsində təmizlənməsidir.

“Heç kimi onkologiyadan müalicə etmirik. Biz düzgün bəslənmə, nəfəsalma qaydalarını öyrədirik, bədəni təmizləyirik. Buna görə müxtəlif xəstəliklərin müalicə halları olur. Vladimir Luzaya gəlincə, o, mərkəzdə müalicə etmir, onun özü onkologiya ilə yaşayır, illərdir ki, prosedurlardan keçir. Buna görə, o, “YouTube” kanalında məlumatları pulsuz olaraq paylaşır, xəstələri müalicə etmir və məsləhət vermir”, - deyə mərkəzdən bildirilib.

Zaur Orucovun sözlərinə görə, Vladimir Luzay keçmiş italyan onkoloqu və alternativ tibbin təbliğçisi Tullio Simonçininin metodlarına istinad edir. O, xərçəngin soda inyeksiyaları ilə sağaltmağın mümkün olduğunu iddia edirdi. İtalyan həkim nəticədə tibb işçisi statusundan məhrum oldu, çünki xərçəng xəstələri üçün kimyəvi terapiya əvəzinə müntəzəm natrium bikarbonat təyin edirdi. Elmi ictimaiyyət, onun nəzəriyyəsini təsdiqləyən tədqiqatların olmamasını əsas gətirərək Simonçinin fərziyyəsini rədd etdi.

2006-cı ildə Simonçini, xərçəng müalicəsində sınanmamış üsullardan istifadə etdiyi üçün tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edildi. Bununla belə, o, “təcrübəni” internetdən istifadə etməklə və Albaniyada “klinika” açmaqla davam etdi. 2012-ci ildə həmin “klinikada” 27 yaşlı Luca Olivotti öldü. 2015-ci ildə Simonçini qəsdən adam öldürmədə və dələduzluqda ittiham edildi.

“Bakıdakı sağlamlıq mərkəzinin səhifəsi rus dilindədir, orada daha çox əcnəbi cəlb etməyə çalışırlar. Vətəndaşlarımız demək olar ki, bu barədə bilmirlər və təsadüfən ora daxil olurlar. Ancaq qorxuram ki, bənzər saxtakarlıqla çox sayda insanı öldürəcəklər, hansı ki, artıq zərərçəkənlər var”, - deyə Z.Orucov bildirir.

O bildirib ki, “Aishshafa” Təlim Sağlamlıq Mərkəzinin fəaliyyətinə görə Azərbaycan vətəndaşı Cavid Abdullayev zərər çəkib: ona dağınıq skleroz xəstəliyindən müalicə edəcəklərinə söz vermişdilər. O, müalicəsi üçün 13 min manat xərcləyib, ancaq vəziyyəti daha da pisləşib. 

Media.Az Cavid Abdullayevlə əlaqə saxlayıb. O, Z.Orucovun sözlərini təsdiqləyib.

“Aishshafa” Təhsil və Sağlamlıq Mərkəzinin rəhbəri Aişə Paşayeva dağınıq sklerozdan tam müalicə olunacağıma vəd verdi. Ancaq bunun əvəzində vəziyyətim daha da pisləşdi. Məndə xroniki otoimmün xəstəliyi, aşağı ətrafların paraparezi və hərəkətin koordinasiyasının pozulması var. Mərkəzdə mənə altı aydan sonra həyata qaytaracaqlarına, müalicədən sonra qaçacağıma vəd verdilər. Bu xəstəliyin müalicəsi yoxdur və 2016-cı ildən II qrup əliləm. Ancaq keçən il tibb ocağı mənə bir ümid verdi”, - deyə C.Abdullayev bildirib.

Onun sözlərinə görə, Paşayeva ona hər biri iki min manat olan üç kurs müalicə təyin edib.

“Xəstəliyimlə əlaqədar olaraq mən işləyə bilmərəm, müalicə üçün pulu doğmalarım və yaxınlarım verib. Üç kurs nəticəsiz müalicədən sonra Aişa Paşayeva 29 gün davam edən daha bir kurs təyin etdi. Müalicə üçün mən hər gün 50 manat verirdim. Ümumilikdə tam müalicəyə 1450 manat ödəmək məcburiyyətində qaldım. Bunun yanında mənə  müxtəlif bioaktiv əlavələr də yazırdılar. Birinci dəfə onlara 250 dollar, ikinci dəfə 240 dollar ödədim. Ancaq preparatı ala bilmədim. Sonra onu mənə klinikada verdilər, özü də qutu açıq formada idi. Ümumilikdə klinikada 13000 manatımı qoymuşam. Mən Aişa Paşayevadan səhhətimdən nədən gözgörəsi yaxşılaşmanın olmadığını soruşdum. O cavab verdi ki, lazım olan preparatları qəbul etmədiyim üçün sağalmamışam. Ancaq bu doğru deyil, çünki mən bütün tövsiyələri yerinə yetirirdim. Artıq Azərbaycan Azad İstehlakçılar Birliyinə, mediaya kömək üçün müraciət etmişəm, müvafiq dövlət orqanlarına müraciət etməyi planlaşdırıram”, - deyə C.Abdullayev sözlərini yekunlaşdırıb.