Prezident dediklərində haqlıdır: Sığorta ilə bağlı maarifləndirməyə ehtiyac var

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bir sıra mühüm məsələlərə toxunub. Prezident, ölkəmizdə mülkiyyətin sığortalanmasının vacib olduğunu bildirib.

Ölkə başçısı qeyd edib ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır:

“Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürüb. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir.  Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcək”.



Vüqar Bayramov: “Həm maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, həm də sığorta sektoruna olan inamın artırılmasına ehtiyac var”


İqtisadçı-ekspert Vüqar Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, ölkəmizdə sığortanın əhəmiyyəti ilə bağlı maarifləndirmənin genişləndirilməsinə ehtiyac var. 

O, qeyd edib ki, sığortayla bağlı məlumatlandırma insanların gələcəkdə daha çox fərqli sığorta növlərindən istifadə etməsinə gətirib çıxarır:

“Bir sıra hallarda vətəndaşların və iş adamlarının əmlaklarına ziyan dəyir, amma sığorta olmadığı üçün dəymiş ziyanın ödənilməsi mümkün olmur. Ona görə də inkişaf etmiş ölkələrdə könüllü sığorta növləri inkişaf edib. Xüsusilə əmlak sığortası ən çox inkişaf etmiş sığorta növlərindən biridir. Bu baxımdan əmlak sığortası ilə bağlı da maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var. Təbii ki, xüsusən sığortanın əhəmiyyəti və nə üçün əmlak sığortasına ehtiyacın olması ilə bağlı vətəndaşların daha yaxından maarfiləndirilməsi çox vacibdir”. 

V.Bayramovun qənaətincə, bu gün sığortaya marağın az olmasının səbəblərindən biri inamın aşağı səviyyədə olmasıdır:

“Həm maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, həm də sığorta sektoruna olan inamın artırılmasına ehtiyac var. Çünki belə bir inamın formalaşması imkan verə bilər ki, vətəndaşlar könüllü şəkildə daha çox sığortadan istifadə etsinlər və sığorta xidmətindən faydalanmış olsunlar. Artıq sığorta ilə bağlı nəzarət mexanizmi Mərkəzi Bankdadır . Mərkəzi Bank tərəfindən də bu nəzarətin gücləndirilməsinə ehtiyac var ki, sığorta şirkətlərinə olan inam və məlumatdırma genişləndirilsin. İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da sığortanın fərqli növlərindən vətəndaşlarımız və sahibkarlar daha çox istifadə edə bilsinlər”.