Hüquqşünas: “Əczaçılar dərmanların miqdarından asılı olaraq cəzalandırılacaqlar”

Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova doqquz ədəd “Tramadol” və beş ədəd “Prebagalin” həblərini satarkən tutulublar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərək götürülüb. 

Psixotrop və narkotik tərkibli dərmanların satışını icazəsiz olaraq həyata keçirməyin qanunla qadağan olunduğunu deyən tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov Sherg.az-a bildirib ki, Cinayət Məcəlləsində bu satışı həyata keçirən şəxslər üçün müvafiq cəzalar da nəzərdə tutulub: 

“Satış üçün qanunvericilikdə müəyyən razılıq əldə olunmalıdır. Belə dərmanların satışına dair müvafiq lisenziyalar nəzərdə tutulur. Əczaçılar dərmanların miqdarından asılı olaraq müvafiq formada cəzalandırılacaqlar”.