Sosioloqla şairin fikri toqquşdu:"Öpüşüblər öpüşüblər də..."

Lalə Mehralı: "Əgər belə bir halda övladım həmin gənclərin nə etdiyini məndən soruşsa, təbii ki, heç bir cavab verə bilməyəcəm"

Kəramət Böyükçöl: "Öpüşüblər öpüşüblər də. Günah onlarda yox, onlara baxandadır"


  Bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri də metrostansiyanın ekskalatorunda öpüşən iki gəncdir. Fotoları yayılan gənclərə münasibət birmənalı deyil.

Bəziləri milli mentalitetimizə uyğun hərəkət sərgiləmədiklərinə görə onları tənqid edir, bəziləri isə insanların şəxsi həyatına müdaxilə etməyin düzgün  olmadığını düşünərək məsələyə normal yanaşırlar. “Sherg.az”a münasibət bildirən jurnalist, sosioloq Lalə Mehralı deyir ki, ictimai yerdə belə hərəkətə yol vermək əxlaqa ziddir:

“Bunu necə qiymətləndirirlər qiymətləndirsinlər, ancaq mən həmin gəncləri dəstəkləyə bilmərəm. Nəzərə almaq lazımdır ki, bu mənzərəni hər kəs, o cümlədən də uşaqlar görə bilər. Əgər belə bir halda övladım həmin gənclərin nə etdiyini məndən soruşsa, təbii ki, heç bir cavab verə bilməyəcəm. Sevgililər biri-birlərini qucaqlaya, yanaqlarına məsum öpüş qondura bilərlər, fəqət, az qala, ağız-ağıza girmək həm etik, həm də  gigiyenik cəhətdən yolverilməzdir. Yenə deyirəm, sevgililərin eşq yaşamasına pis baxmıram. Ancaq şəhərin mərkəzində bu cür məhrəm görüntü ortaya qoymağın tam əleyhinəyəm”. 

 Şair Kəramət Böyükçöl isə məsələni böyütməyə ehtiyac olmadığını düşünür:

“Bizim o qədər müzakirə ediləsi problemlərimiz var ki... Öpüşüblər öpüşüblər də. Günah onlarda yox, onlara baxandadır. Belə məsələlərə normal yanaşmaq lazımdır. Mən iki gəncin öpüşməsində heç bir əxlaqsızlıq görmürəm. Məsələn, seçki saxtakarlığına yol vermək qat-qat böyük qəbahətdir”.