Tələbələr də Prezidentin çağırışına qoşuldu: Fonda pul köçürüləcək

"Koronavirus pandemiyasına qarşı mübarizə milli birlik və həmrəylik məsələsidir"


Bu gün ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin 21 mart 2020-ci il tarixli virtual şəkildə növbədənkənar iclası baş tutub.

"Sherg.az" xəbər verir ki, iclasda koronavirusla mübarizə və pandemiyanın kütləvi yayılmasının qarşısını alınması məsələləri müzakirə edilib.  Qeyd edilib ki, pandemiyaya qarşı mübarizə milli birlik və həmrəylik məsələsidir. 

Bu məqsədlə, iclasda koronavirusla mübarizə və pandemiyanın qarşısının alınmasında dəstək üçün  Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına komitənin maliyyə imkanlarını nəzərə almaqla təşkilatın hesabından 1000 manat vəsaitin köçürülməsinə qərar verilib. 

Bundan başqa, İdarə Heyətinin digər qərarına əsasən təşkilat bundan sonra da koronavirusla mübarizə və vətəndaşların maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.