Çağırış vaxtı uzadıla bilər - Koronavirusa görə


 Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı səfərbərlik haqqında da danışıb. Onun sözlərinə görə, səfərbərlik məsələsi hökumətin gündəliyindədir və yəqin ki, yaxın günlərdə bununla bağlı müvafiq qərar veriləcək. "Ordunun və əhalinin təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görüləcək"- deyə, Nazirlər Kabinetinin sözçüsü əlavə edib. 


  Məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert, uzun illər "Azərbaycan ordusu" qəzetinin baş redaktoru kimi çalışmış İbrahim Rüstəmlinin fikrincə, burada fövqəladə bir səbəb axtarmağa ehtiyac yoxdur:


"İldə dörd dəfə səfərbərlik elan olunur. Bu da onlardan biri olacaq. Erməni tərəfi həmişə atəşkəsi pozub, cəbhə xəttində insident yaradıb. Yəni xüsusi qeyd ediləsi bir məqam yoxdur".

  Ekspertin sözlərinə görə, çağırış vaxtı uzadıla da bilər:

"Düzdür, bu məsələ hələ aktual deyil. Ancaq, ola bilər, koronavirusla əlaqədar çağırış vaxtı uzadılsın. Hər halda bütün hallarda əvvəl dövlət başçısı bu barədə Fərman imzalamalıdır".
  İ. Rüstəmli onu da əlavə etdi ki, Azərbaycan ordusunda çağırış kampaniyasında heç vaxt problem olmur:

"Ermənistan tərəfindən fərqli olaraq bizdə hərbi- vətənpərvərlik hissi yüksək səviyyədədir. Ona görə gənclərimiz həvəslə qulluq edirlər. Düşmən ordusunda hər il dəfələrlə fərarilik halına rast gəlinir. Bizdə isə belə deyil. Çünki ermənilər qəsbkarlıqla məşğul olduqlarını bilirlər. Biz isə vətənimizi müdafiə edir, tarixi torpaqlarımız uğrunda vuruşuruq".

 Kənan Novruzov