Pediatr bu valideynlərə SƏSLƏNDİ: “Peyvənddən imtina doğru deyil”

Azərbaycanda bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun sadəcə "uşağın seçiminə buraxılmalı olduğuna" inanır. Valideynlərin əksəriyyəti iddia edir ki, peyvənd olunan uşaqlarda əks reaksiya olur. Bir sözlə, cəmiyyətdə peyvəndə inam birmənalı deyil.

Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığı bildirilir. Ən doğru yol peyvəndlərin vaxtlı-vaxtında aparılmasıdır.

Belə olan halda bəzi valideynlər niyə uşaqlarının peyvənd olunmasına qarşı çıxırlar? 

Sualımız cavablandıran pediatr Leyla Şükürova “Sherg.az”a bildirib ki, valideynləri qorxudan peyvənddən sonra yarana bilən yan təsirlərdir:

“Yəni hərarətin yüksəlməsi, ağrı, halsızlıq və narahatlıqdır ki, bu da hər peyvənddən sonra ola bilər. Məlum vəziyyət orqanizmin peyvəndə qarşı normal reaksiyasıdır.  Peyvənddən imtina edilməsi doğru deyil. Valideyn uşağını risk qarşısında qoyur. Çünki peyvəndlər uşaqları ağır infeksion xəstəliklərdən qoruyur.”

 Pediatr Leyla Şükürova peyvəndin yarada biləcəyi fəsadlardan da söz açıb:

“Vaksin sağlam uşağa vurulduğunda heç bir əks təsiri olmur. Ancaq uşaq sağlam deyilsə və ya peyvənd düzgün vurulmazsa, o zaman bəzi problemlər yarana bilər. Peyvəndin saxlanma şəraiti ilə maraqlanmaq lazımdır. Saxlanma şəraiti tələblərə uyğundursa hansısa fəsadın, problemin yaranma ehtimalı yoxdur”.