Millətimizin vətənpərvərlik ruhu olduqca yüksəkdir! 

“Gənclər Səfərbərlik Xidmətinin rayon şöbələrinə axın edərək döyüşə hazır olduqlarını söyləyirlər”

“Bu, çox qürurverici haldır və xalqımızın vətənpərvərlik ruhunun göstəricisidir” 




“Xalqımız işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi üçün müharibə arzulayır”. 

Bunu “Sherg.az”a Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. 

Birlik rəhbəri bildirib ki, Azərbaycan Ordusu düşmənin bütün təxribatlarına layiqli cavab verərək erməniləri geri otuzdurub: 



“Adətən insanlar sülh istəyirlər, amma Azərbaycan xalqı savaş tələb edir, çünki insanlarımız Vətənə, torpağa o qədər bağlıdır ki, ərazilərimizin erməni tapdağı altında qalmasını qəbul etmirlər. Hamı bir nəfər kimi Vətən uğrunda canından keçməyə, düşməni məhv etməyə hazır olduğunu deyir. Xalq heç vaxt torpaqlarımızın işğalda qalması ilə barışmayıb və barışmayacaq.

Məlumdur ki, Müdafiə Nazirliyi plana uyğun olaraq ehtiyatda olan zabitləri hərbi toplanışlara çağırır, müxtəlif təlimlərə cəlb edir. Təlimlərin məqsədi odur ki, ehtiyatda olan hərbçilər müasir silah-sursatla tanış olsunlar, peşə hazırlıqlarını hər zaman yüksək səviyyədə saxlasınlar.

Bu təlimləri səfərbərlik kimi təqdim etmək doğru deyil. Səfərbərlik müharibə başlayacağı təqdirdə ölkə Prezidenti tərəfindən elan edilir. Ancaq millətimiz yoxlama məqsədi ilə keçirilən bu toplanışlardan belə ruhlanır, hərbi toplanışlara toy-bayram kimi gedirlər.

Ürəkdən arzulayırlar ki, müharibə başlasın və torpaqlarımızı erməni işğalından azad etsinlər. Gənclər Səfərbərlik Xidmətinin rayon şöbələrinə axın edərək döyüşə hazır olduqlarını söyləyirlər. Bu, çox qürurverici haldır və millətimizdəki vətənpərvərlik ruhunun göstəricisidir”. 

E.Həsənli vurğulayıb ki, beynəlxalq aləm, vasitəçi qurumlar sülh şanslarını itiriblər: 

“Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanısa da, beynəlxalq qurumlar torpaqlarımızın işğaldan azad olunması istiqamətində heç bir addım atmayıb. Ona görə də Azərbaycan dövləti öz gücü, ordusu hesabına zəbt olunmuş ərazilərini işğaldan azad etməlidir. Dövlət başçısı İlham Əliyev ötən gün açıq şəkildə bəyan etdi ki, Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək üçün bütün zəruri işləri görür.

Gec-tez ordumuz torpaqlarımızı işğaldan azad edəcək və ərazi bütövlüyümüz bərpa olunacaq”.