"Ordumuz danışır, bizə susmaq düşər"

Əhəd Məmmədli: "Qürurverici haldır ki, dövlət rəsmiləri “Vətən müharibəsi” ifadəsini işlədirlər"

 “AĞ partiya olaraq bəyanat vermişik ki, Ordumuz danışan yerdə bizə susmaq düşər”. 
Bu sözləri “Şərq”ə açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib. Partiya rəhbəri bildirib ki, Qarabağ münaqişəsi və digər milli məsələlərdə siyasət, siyasi mövqe, iqtidar-müxalifət söhbəti dərhal ikinci plana keçir:

“İndi hamımız Azərbaycan Ordusunun yanındayıq. Əsas millətimiz və dövlətimizdir. AĞ Partiya savaş dövründə siyasi fəaliyyətini dondurmağa hazırdır. Təki torpaqlarımız tam şəkildə işğaldan azad edilsin.

Çox qürurverici haldır ki, dövlət rəsmiləri “Vətən müharibəsi” ifadəsini işlədirlər. Bizdə narahatlıq var idi ki, indi kimsə, hardansa zəng edəcək, “hərbi əməliyyatlara son verin” deyəcək və s.

Necə ki, müdafiə nazirimiz Z.Həsənov demişdi ki, rusiyalı həmkarı Sergey Şoyqu aprel döyüşlərində Bakıya zəng açmışdı. Ancaq indi bu məsələdə nigarançılığımız yoxdur.

Ümid edirik, bu dəfə hər hansı zəngə, təzyiqə, hədə-qorxuya məhəl qoyulmayacaq. Azərbaycan Ordusu torpaqlarımızı tam şəkildə azad edəcək”.