QHT "düyünü"nü kim açacaq?

Əvəz Həsənov: "Agentlik iki dövlət qurumunu tələsdirmək mexanizminə malik deyil"

Zaur İbrahimli: "Əsassız, kinayəli atmacaları yersiz hesab edirəm"

Ceyhun Musaoğlu: "Adımız dəyişdi, yeni komanda yarandı, indi həmin problemlərin həllinə dəstək olun, daha sizdən başqa istəyimiz yoxdur"


İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadənin vətəndaş cəmiyyətinin mövcud durumu haqqında müvafiq dövlət qurumlarına çağırışı ciddi rezonans doğurub. C.Hüseynzadə qeyri-hökumət təşkilatları ilə bağlı həyəcan təbili çalaraq, QHT-lərin iflic vəziyyətdə olduğunu söyləyib. O, Prezidentin sərəncamından xeyli vaxt keçsə də, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi prosedurunun aylardır yubandığını, vətəndaş cəmiyyətinin işsiz-gücsüz qaldığını bildirib. Qeyd edib ki, büdcədən ayrılan vəsaitin vətəndaş cəmiyyətinə verilməməsi nəticəsində ölkədə fəaliyyət göstərən yüzlərlə QHT fəaliyyətsiz hala düşüb. C.Hüseynzadənin sözlərinə görə, müvafiq addımlar atılmazsa, bu sektor “reanimasiyaya” düşəcək. 

İddiaları dəyərləndirən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov bildirib ki, sosial şəbəkənin əsas mövzusunun vətəndaş cəmiyyəti olması sevindiricidir. Çünki cəmiyyətdə əsas aparıcı rola malik olan vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyət üçün mübarizə haqqı var. Ekspertin sözlərinə görə, məhz bu normal münasibəti təmin etmək üçün Prezident tərəfindən QHT Dövlət Dəstəyi Agentliyi - publik şəxs yaradılıb:

“Agentliyin formalaşması üçün proseslər gedir. QHT-lərin bu gün qaldırdığı məsələləri biz onlar ilə görüşdə özümüz qeyd etmişik və bugünkü müzakirədə iştirak edən həmkarlarımız həmin məsələlərdən xəbərdar idilər. QHT-lərə maliyyə yardımı üçün publik şəxsin tam hüququ qaydaları təsdiq olunmalıdır ki, publik şəxs dövlət orqanlarından maliyyə yardımı istəsin. Nazirlər Kabinetinin mövcud sənədləri təsdiqləməsindən sonra bu mümkün olacaq. Maliyyə Nazirliyi büdcə təsdiq olunduqdan və Agentliyin müraciətindən sonra vəsait ayıra biləcək. Agentlik hər iki dövlət qurumunu tələsdirmək mexanizminə malik deyil”. 

Ə.Həsənov vurğulayıb ki, kampaniya aparan həmkarlarının etiraz səsləri yeni məsələ deyil:

“Kampaniya və sosial şəbəkədə QHT Dövlət Dəstəyi Agentliyi ilə bağlı müzakirələr kənardan dəxli olmayan istifadəçilərin aşırı tənqidlərinə səbəb oldu. Hörmətli həmkarlar! Başa düşürük ki, vətəndaş cəmiyyəti maliyyə ala bilmir. Lakin, siz də anlaşıqla qarşılamalısınız ki, yeni yaradılan qurumun maliyyə alması təkcə bir qrumun istəyindən asılı deyil. Gəlin bir-birimizə qarşı anlaşıqlı olaq. Bir-birimizi haqsız tənqid hədəfinə çevirməyək. QHT sektorunda kampaniyaçılıqdan əl çəkək. Vətəndaş cəmiyyətində vaxtilə mövcud olan manapoliyaya, məmur müdaxiləsinə son qoyaq. QHT-lər bilməlidirlər ki, 10 noyabrdan sonrakı Azərbaycan fərqli ölkədir. Burada dövlətin təşkilatlara yanaşması və istəyi də fərqlidir. 44 günlük müharibədən sonra hər şey dəyişdiyi kimi, vətəndaş cəmiyyətinə münasibət də dəyişib”. 

Müşahidə Şurasının digər üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Zaur İbrahimli də bildirib ki, Agentliyi yalnız qrant verən qurum kimi görmək, qəbul etmək və yaxud bu cür təqdim etmək çox yanlış olardı:

“QHT-lərin narahatlıqları təbiidir və başadüşüləndir. Azərbaycan üçün vətəndaş cəmiyyətinin güclənməsi çox zəruridir. Bütün bu məsələləri müzakirə etmək, iradları da bildirmək təbiidir. Amma bütün məsələləri maliyyəyə bağlamaq düzgün yanaşma deyil. Şübhəsiz ki, dövlət büdcəsindən Agentlik üçün ayrılan maliyyə vəsaiti QHT sektorunun inkişafı üçün istifadə edilməlidir. Əlaqədar dövlət qurumları üçün də bu bir aksioma olmalıdır. Bu cür ciddi məsələləri elə ciddi şəkildə müzakirə etməyin tərəfdarıyam. Şəxslər, qurumlar üzərindən müzakirə aparılmasını doğru saymıram. Əsassız, kinayəli atmacaları da yersiz hesab edirəm və açığı, bizim QHT təmsilçilərimizə yaraşdırmıram. Tənqid əsaslı olmalı, peşəkar rəyi və faktları ehtiva etməlidir”. 

Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu isə fikirlərini bu cür bəyan edib:

“QHT-lər fəaliyyətsiz duruma düşüb və bu gerçəklik ilk dəfədir yaşanır. Şuranın adı dəyişdi Agentlik oldu. Həmin Şura vətəndaş cəmiyyətinin inkişafına xidmət edən çox təsirli qərarlar qəbul etmişdi. Bu qərarların içərisində QHT-lərin fəaliyyətinin sadələşdirilməsi də var idi. Misal üçün, Səlis Xidməti göstərə bilərik. Sentyabrda müsabiqə elan olunardı, oktyabrda qaliblər fəaliyyətə başlayardı. Bu qədər uzun müddətdə nə boyda ağır iş görürsünüz ki? Sağ olun ki, adımız dəyişdi, yeni komanda yarandı, indi həmin problemlərin həllinə dəstək olun, daha sizdən başqa istəyimiz yoxdur. Müşahidə Şurası deyir ki, bütün prosedurları, bütün sənədləri hazırlayıb Nazirlər Kabinetinə vermişik. Sonra xəbər çıxır ki, Kabinet də Maliyyə Nazirliyinə verib. Nazirlik də deyir ki, mənə heç bir sənəd verilməyib. İndi Agentlik bu düyünü açsın da...”.