Şəhid ailələri və Vətən qəhrəmanları mənzillə təmin olunur

Azər Badamov: "Cənab Prezidentin imzaladığı müvafiq sərəncam da bu qayğının və diqqətin əyani təzahürüdür"


Avqustun 25-də Prezident İlham Əliyev Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirmək tapşırılıb. Sərəncamda həmin şəxslərin mənzillə təmin olunmasının İpoteka və Kredit Zəmanət Fondunun nazirliyin balansına verdiyi və ya nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilməsi müəyyən edilib.

Xatırladaq ki, son 30 ildə olduğu kimi Vətən müharibəsindən sonra da müstəqilliyimiz uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır. Problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident tərəfindən bu istiqamətdə imzalanan fərmanlar və sərəncamlar şəhid ailələrinə və müharibə əlillərinə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Millət vəkili Azər Badamov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Prezident İlham Əliyevin 25 avqustda imzaladığı sərəncam Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin mənzil-məişət şəraitinin yaxşılaşmasına xidmət edəcək. Deputatın sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş və xüsusi qəhrəmanlıq göstərmiş şəxslər və ya onların ailələri dövlət qayğısı ilə daim əhatə olunub. Vətən müharibəsində fərqlənərək qəhrəman adına layiq görülmüş şəxslər və ya onların ailələri bu ilin sonuna qədər mənzillərlə təmin olunacaq.

Cənab Prezident və Mehriban xanım Əliyeva bu gün Abşeron rayonunda salınmış qəsəbədə şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim edib. Bütün şəhid ailələrinin və qazilərin mənzillərlə təmin edilməsi üçün xüsusi proqramlar icra olunur.

Bu günə qədər bu kateqoriyadan olan insanlara 10 min mənzil və 7200 avtomobil təqdim olunub. Bu ilin sonuna qədər 3000 ailənin mənzillə təmin edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, şəhid ailələri və qaziləri narahat edən bütün məsələlərlə bağlı dövlət məşğul olur və qəhrəman oğullarımızın müharibədə göstərdikləri qəhrəmanlıq salnamələrinə yüksək dəyər verilir. Cənab Prezidentin imzaladığı müvafiq sərəncam da bu qayğının və diqqətin əyani təzahürüdür”.