Yalandır, Xəzərin İran sektorunda qaz yatağı tapılmayıb

İlham Şaban: "Əldə etdiyimiz məlumata görə, İran şirkəti son 3 ildə Xəzər dənizində heç bir geofiziki işlər həyata keçirməyib"

Ötən həftə sonu İran mediası xəbər yaydı ki, İranın milli neft şirkəti Xəzər dənizinin İran sektorunda yeni qaz yataqları tapıb. Tapılan yeni yataq Çalus şəhərinə yaxın olduğu üçün yatağa “Çalus” adı verilib. Şirkətin baş icraçı direktoru Əli Osuli bəyan edib ki, aşkarlanan yeni qaz yatağı “Cənub Pars” kimi dünyanın meqa qaz yatağının 1/4-i qədər ehtiyatlara malikdir. İranın rəsmi mənbələri “Cənub Pars” yatağının 14,2 trilyon kub metr qaz və 18 milyard barel kondensat ehtiyatına malik olduğunu bildirirlər. Yəni bu hesabla İran Xəzərin ən böyük qaz yatağı sayılan “Şahdəniz”dən 3,5 dəfə böyük ola biləcək tapıntısını bəyan edib. Bu xəbəri həftə boyu Rusiya KİV-ləri də müzakirə ediblər. Müzakirə mövzusu belə olub: - İran qazı Avropada satacaq, yoxsa Çində? 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Xəzərin İrana aid hissəsində hələ ötən əsrin 60-cı illərinin sonlarından kəşfiyyat işlərinə başlanılıb. Amma karbohidrogen ehtiyatları aşkarlamaq mümkün olmayıb. Sonradan 90-cı illərin ortasında kəşfiyyat-qazma işləri intensivləşib:

“Azərbaycana məxsus “Xəzər” özüqalxan üzən qazma qurğuları vasitəsi ilə İranda 1995-1996-cı illərdə bir neçə kəşfiyyat quyusunun qazılması həyata keçirilib. Heç birində nə neft, nə də qaz layları tapılıb. Yəni İran geoloqları aparılan kəşfiyyat-qazma işlərinin nəticəsi olaraq birmənalı olaraq özləri üçün aydınlaşdırdılar ki, İranın dayazsulu hissəsi neftsiz-qazsız bir sahədir. Azərbaycanın 1999-cu ildə Xəzərin dərin hissəsində "Şahdəniz" yatağını, 2010-cu ildə “Ümid” yatağını və nəhayət, 2011-ci ildə "Abşeron" yatağını aşkarlaması İran tərəfində bir ümid yaratdı ki, bəlkə onlara aid dərin sularda da yataq var. Ancaq Xəzər dənizi İrana doğru getdikcə dərinləşir. Dəniz orada 700-1000 metrə qədərdir. Bundan əlavə Azərbaycanın öz dərin sularında apardığı qazmanın nəticələri onu göstərdi ki, məhsuldar qaz layları 5800 metrdən 7300 metr intervalında yerləşir, həmçinin tapılan yataqlar geoloji baxımdan mürəkkəb quruluşa malik olmaqla yanaşı burada həddən ziyadə anomal lay təzyiqləri mövcuddur. Azərbaycanın 6-cı nəsil yeni qazma qurğusuna 1 milyard dollar investisiya etməsi də bundan qaynaqlanırdı”. 

Ekspert deyib ki, İranda belə texnologiyalar yoxdur və yaxın onilliklərdə olması gözlənilmir:

“Xarici sərmayədarlar isə Qərb sanksiyaları ucbatından İranın hətta qurudakı asan çıxarıla bilən işlək yataqlarına belə yatırım etmirlər. Müasir neft sənayesində qlobal tapıntılar üçün “gizli iş görmək” mümkün deyil. Əvvəla, hər şey layihələndirmədən başlayır. Tutaq ki, məxfi həyata keçiriblər, ancaq ondan sonra “2D” və “3D” seysmik işlərin həyata keçirilməsi vacibdir ki, optimal qazma nöqtəsini təyin edəsən. Bunun üçün xidməti gəmilər Xəzərə çıxmalı və 1 aya yaxın tədqiqat aparmalı idilər. Əldə etdiyimiz məlumata görə, İran şirkəti son 3 ildə Xəzər dənizində heç bir geofiziki işlər həyata keçirməyib. Ümumiyyətlə, Xəzərin İran hissəsində kəşfiyyat-qazma işlərini həyata keçirmək üçün gərəkli olan hansısa yarımdalma üzən qazma qurğusu qeydə alınmayıb. Ona görə də bu günlərdə yayılan xəbərlərin reallıqla bağlantısı görünmür”.