QHT-lərə "qrantyeyən" obyektlər kimi baxırlar

Ölkədə vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün mühit yoxdur

Seymur Verdizadə: "Qeyri-hökumət təşkilatları idarəçilikdə yer alarsa, effektiv ictimai nəzarət mexanizmi qurarsa, onların nüfuzu indiki kimi yerlərdə sürünməz"


Azərbaycanda QHT-lərin vəziyyəti ciddi müzakirə olunmaqdadır. Həmçinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişiklik edilməsi də müzakirə predmetidir. Bir çox vətəndaş cəmiyyəti nümayəndələri ölkədə QHT-lərin normal fəaliyyətinə imkan verməyən müddəaların qanunvericilikdən çıxarılması üçün təkliflər hazırlayaraq hökumətə təqdim ediblər. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov deyib ki, yeni yaradılmış QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına və Agentliyin rəhbəri vəzifəsinə təyin edilmiş insanlar təcrübəli və problemləri yaxşı bilən insanlardır. Lakin S.Bağırovun fikrincə, vətəndaş cəmiyyəti nümayəndələri ölkə Prezidentinə müraciət etməlidilər. O vurğulayıb ki, QHT sektorunun fəaliyyəti üçün mühitin yaxşılaşması ictimai nəzarətin güclənməsi, ictimai və sosial problemlərin həllinə dair yeni kreativ ideyaların yaranmasına xidmət edəcək. 

Qeyri-hökumət təşkilatları ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib ki, Azərbaycanda QHT sektorunun tənəzzülə uğradığını inkar edə bilmərik. Onun sözlərinə görə, təəssüf ki, ölkəmizdə vətəndaş cəmiyyəti üzvləri cəmiyyətin həyatında aparıcı rol oynaya bilmirlər:

“Bunun obyektiv və subyektiv səbəbləri var. Pandemiya dövründə vəziyyət daha da pisləşdi, QHT-lər faktiki olaraq fəaliyyətsiz qaldılar. Ölkəmizdə vətəndaş cəmiyyətinin normal fəaliyyət göstərməsi üçün mühit yoxdur. Cəmiyyət QHT-lərə “qrantyeyən” obyektlər kimi baxır. Halbuki, qrant kimi ayrılan vəsait qəpik-quruşdur, sosial ödəmələrə və cari xərclərə güclə çatır. Ötən ildən bəri qeyri-hökumət təşkilatları qəpiyə möhtacdırlar. Bu təşkilatlar nazirliklərə, dövlət qurumlarına gözdən pərdə asmaq üçün lazımdır”.

S.Verdizadə vurğulayıb ki, dövlət qurumlarının yanında ictimai şuralar yaradılsa da, faktiki olaraq onların heç bir funksiyası yoxdur:

“Təsəvvür edin ki, hansısa nazirliyin yanında İctimai Şura yaranıb, amma nazir həmin şuranın üzvlərini qəbul etməyi özünə sığışdırmır. Bu cür yaramaz münasibətlə QHT-lərin cəmiyyətdəki nüfuzunu necə artırmaq olar?! QHT-lərin maddi-texniki bazasını gücləndirməyə ehtiyac var. Dövlət qurumları funksiyalarının müəyyən qismini vətəndaş cəmiyyətinə verməkdən çəkinməməlidir. Qeyri-hökumət təşkilatları idarəçilikdə yer alarsa, effektiv ictimai nəzarət mexanizmi qurarsa, onların nüfuzu indiki kimi yerlərdə sürünməz”.