"Hər hekayənin sonunu sən yaza bilməzsən" - Resenziya

Fikrimcə, Türkiyə film sektorunun ən uğurlu nümunələrindən biri rejissoru Çiğdem Vitrinerin olduğu və 2016- cı ildə ərsəyə gətirilən "Fakat Müzeyyen, bu dərin bir tutku"dur. Filmin baş qəhrəmanlarından biri Arif adlı yazıçıdır. O, demək olar, təkdir. Çox az dostu var. Gününün böyük bir hissəsini roman yazmaqla keçirir. Və bu, ən çox zövq aldığı işdir. 
 Arif bir gün dostlarından birinin toyunda iştirak edərkən Müzeyyen adlı xanımla tanış olur. Söhbət edirlər. Arif qadının oğlan ya qız tərəfindən olduğunu soruşanda Müzeyyen zarafatla cavab verir: "Mən sənin üçün gəlmişəm. Yuxarıdan göndəriblər". Dialoqları uğurlu alınır. Xüsusilə toyda Arif haqqında eşitdiyi xoş sözlər onu Müzeyyen üçün daha cazibədar edir.
 Axşam Müzeyyen yazıçını evə dəvət edir. Söhbət edir, bir- birilərini daha yaxından tanıyırlar. Hər ötən gün bir- birilərinə daha çox bağlanırlar. Arif hiss edir ki, Müzeyyendə ona aid nəsə var. Bu qadın ona əvvəlkilərdən çox fərqli- daha ağıllı, daha cazibədar gəlir. Hətta özü də etiraf edir: "Müzeyyen məni sulu aparıb, susuz gətirər".

 İkisi üçün də əvəzedilməz günlərin birində Müzeyyen deyir:

 "Mən sənin qadınınam. Amma məni ancaq bədənim üçün sevməyini istəyirəm. Çünki yaxşı qadın olmaq çox çətindir".
 Müzeyyen hər gün işə gedib- gəlir. O, evdə olmadığı müddətdə isə Arif öz yazı- pozusu ilə məşğul olur, yenicə tanıdığı, amma tez öyrəşdiyi qadın haqqında düşünür, bəzən də öz- özünə danışır.
 Bir dəfə Arif hamamda üz köpüyü görür və bu, onu məyus edir. Ancaq addım atmağa tələsmir. Özünün də dediyi kimi, bilir ki, hər şeyin zamanı var. Həm də özünü mübahisə etməyə hazır hiss etmir. Müzeyyen evdə olmadığı vaxtlarda fotolara, albomlara baxır, qadının keçmişinə dair nəsə bir işarə tapmağa çalışır. Təsadüfən onu görən qonşusu qızının "Siz Müzeyyen bacının sevgilisisiniz?" sualına "Mən özüm də onu nəyi olduğumu bilmirəm" cavabını verir. Çünki, həqiqətən, tərəddüdü tədricən artır.

Müzeyyenin nənəsi vəfat edəndə baş sağlığı vermək üçün evə xeyli adam gəlir. Arif kənardan onları izləyir. Öz- özünə düşünür ki, ağlamayan qadın ağladacaq qadındır. Və özünə təsəlli verir: "Göz yaşlarını mənə saxlayır. Yəqin, hamı gedəndən sonra başın sevdiyi adamın- mənim çiynimə qoyacaq və ağlayacaq". Amma o, başsağlığı verməyə gələn Burak Tanrıverdi adlı bir kişi ilə ağlayır. Bu, Arifi daha da narahat edir.

 Yazıçı gecə yuxuda Müzeyyenin Burak Tanrıverdi və daha iki kişi ilə qumar oynadığını görür. Sonra Müzeyyen qalxır və onun yerinə Arif oturur. Ardınca isə Müzeyyen həşərata çevrilib uçub gedir. 

 Arif səhəri gün Müzeyyendən o kişinin kim olduğunu soruşanda qadın əsəbiləşir. "Mənim dərdim var, sən nə düşünürsən!" deyə qəzəblənir. Sonra yazıçı yuxusunu danışır və əlavə edir: "Mənə yuxuda deyirdin ki, səninlə hər yerə gedərəm. Həqiqətən, gedərsən?". Müzeyyen "hə" deyir. Lakin bu dialoqdan sonra onlar bir daha əvvəlki kimi olmurlar. Müzeyyen daim məsafəli davranır. Arif isə nələrin olduğunu başa düşmür.

 Günün birində Müzeyyen heç nə demədən evi tərk edir. Arif səhər oyananda görür ki, qadın bütün paltarlarını yığışdırıb və bir məktub qoyub. Çox pis olur, özünü dərin boşluqda hiss edir.

 Arif bu barədə Müzeyyenə kimi arabir görüşdüyü qadına danışır. Qadın deyir: "Bütün hekayələrin sonunu sən yaza bilməzsən. Özünə haqsızlıq etmə...". 

 Daha bir neçə gün sonra Müzeyyenin kirayədə qaldığı ev yiyəsi gəlir, Arifin mənzildən çıxmasını tələb edir. Müzeyyenin rəfiqəsi yazarla söhbət edir. Deyir ki, Müzeyyen səni çox sevdi. "Sənin yaxşı yazıçı olacağına inanırdı. Yəqin, indi də inanır. O, pis biri deyil". Arif donuq baxışlarla, bir söz demədən onu dinləyir və gedişinin səbəbini belə izah edir: "Bəzən bir "çıt" səsi eşidərsən- ya hansısa əşyadan, ya da üçüncü şəxsdən...və başa düşərsən ki, getmək vaxtıdır".
Beləliklə, Arif Müzeyyendən əvvəl olduğu kimi, günlük nömrə tutduğu oteldə qalmağa davam edir. 
 Arif bir tədbirdə Müzeyyenin əvvəl münasibətdə olduğu kişi ilə tanış olur. Onunla Müzeyyen barədə danışırlar. Həmin adam etiraf edir: "Müzeyyen kimi qadınlar qısqanılar". Arif Müzeyyenin Burak Tanrıverdi ilə nəinki sevgili, onunla altı il evli olduğunu öyrənir. Bu, yazıçıya növbəti zərbə olur.

...Bundan sonra Müzeyyenin niyə getdiyini düşünən və cavab tapa bilməyən Arif filmin sonunda onunla söhbəti xəyal edir: qadın sahildə oturub. Yazar ona yaxınlaşır və Müzeyyenin təklifi ilə yanında oturur.  Müzeyyen Arifə çay təklif edir. Onun "Kimisə gözləyirdin?" sualına "Yanımda həmişə artıq bir stəkan olur" deyə cavab verir. Danışırlar. Yazıçı soruşur:
- Niyə getdin, Müzeyyen?

- Əlimdə deyildi. Ona aşiqəm. Səni incitmək istəməzdim, amma özümə də haqsızlıq edə bilmədim.
- Bəs dəydi?

- Məsələ bu deyil. Sadəcə yaşanmalı idi və yaşandı. 
 Bu cavabdan sonra Arif qalxıb getmək istəsə də, qadın bir az da oturmasını xahiş edir. Və bu dəfə özü maraqlanır:

- Tutaq ki, getmədim. Nə dəyişəcəkdi?

 Yazıçı bir az düşünür və "Sevişərdik...Səhərlər çayı bir qəndlə, günün digər vaxtlarında qəndsiz içdiyini bilərdim. O qəndi mən salardım çayına...Ən çox boynundan öpüldüyünü sevdiyini bilərdim...Nənənin qəbrini ziyarət etməyə gedərdik. Sən ağlayardın. Göz yaşlarını silməzdim, sənə təsəlli verməzdim. Sadəcə izləyərdim. Onlarca tanımadığım məzarın arasında həyatın necə mükəmməl olduğunu anlayardım...Sonra heç nə etməzdik. Eləcə oturardıq. Həyat bizi yalançı çıxarana qədər tapdığımız cavabları doğru hesab edərdik...".

 Arifin cavabından sonra qadın ona növbəti çayı təklif edir. Yazıçı isə "Mən daha çay içmək istəmirəm" deyir və qalxıb gedir.
...
 Görünür, doğrudan da, deyildiyi kimidir: hər hekayənin sonunu biz yaza bilmərik. Bizdən asılı olmayan məsələlər də var. Lakin bunu qəbullanmaq bəzən çox çətin olur.

 "Məni sənin üçün göndəriblər" sözü ilə bütün dünyası yazılarından ibarət kişinin həyatına girən, "Səninlə hər yerə gedə bilərəm" deyən qadın birdən- birə çıxıb gedirsə, deməli, həqiqətən, dünyanın ədalətinə etibar yoxdur. Kimisə günahlandırmaq, ittiham etmək doğrudurmu? Yəqin ki, yox. Bu, haqsızlıq olar. 

Ən azı bir dəfə ürəkdən qucaqladığın, adı sənə dünyanın ən gözəl sözü gələn qadının gedişinə görə ona nifrət etmək asan olmadığı qədər düzgün də deyil. Sadəcə gərək qaydanın iki üstəgəl iki kimi sadə olduğunu anlayasan: gələn haçansa mütləq gedir. Xoşbəxt olmaq istəyirsənsə, sadəcə anı yaşa, doya- doya yaşa. Yox, buna cəsarətin yoxdursa, ümumiyyətlə öz dünyandan çıxma.

 Yeri gəlmişkən, özü ilə daim artıq bir stəkan daşıyan insanlardan uzaq durun deməyəcəm amma, bütün hallarda onlarla çay içməzdən əvvəl iki dəfə düşünün...

Kənan Novruzov