Ermənistan parlamenti Şuşa Bəyannaməsinə qarşı çıxmağa cəsarət etmədi


Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası müxalifət tərəfindən irəli sürülən - Şuşa Bəyannaməsi ilə bağlı anti-Türkiyə və anti-Azərbaycan mahiyyəti daşıyan bəyanatı qəbul etməyib.

Fevralın 23-də Ermənistan parlamentində “Ermənistan” blokunun irəli sürdüyü Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə bağlı bəyanat müzakirəyə çıxarılıb. Bəyanatın müəllifi Andranik Tevanyan adlı deputat olub.

Bəyanatda Şuşa Bəyannaməsinin Ermənistan üçün qəbuledilməz olduğu vurğulanıb. Lakin erməni müxalifətinin bəyanat qəbul etmək istəyi parlamentdə qəbul edilməyib. Hakim “Vətəndaş sazişi” Partiyasının (Nikol Paşinyanın rəhbərlik etdiyi) üzvləri buna əngəl olublar.

Erməni müxalifəti bu addımı qəzəblə qarşlayıb. Belə ki, bunun Qarabağın Azərbaycanın olması, Zəngəzur dəhlizinin açılması faktının qəbulu kimi qiymətləndirib.

Bəyanatı irəli sürən Andranik Tevanyan isə məsələyə bu cür reaksiya verib:

“Mən gözləmirdim ki, Türkiyə yönümlü siyasət hakim fraksiya tərəfindən bu cür açıq şəkildə alqışlanacaq”.

Ermənistan müxalifətinin bu cür revanşist ruhda çıxışlarının daxili auditoriyaya yönəlməsi fakt olaraq qalmaqdadır. Ermənistan iqtidarının və ya müxalifətinin hazırkı geosiyasi reallıqlar şəraitində Azərbaycanın maraqlarına qarşı çıxmağa cəhd göstərmək iqtidarında belə olmadığı bəllidir. Belə olan halda isə Ermənistan parlamentində Şuşa Bəyannaməsi ilə bağlı müzakirələr sadəcə şou xarakteri daşıyır. İndiki halda erməni müxalifəti reallıqdan kənar çıxışlar etməyi özünə rəva bilsə belə, iqtidar Azərbaycana qarşı hər hansı təxribat xarakterli addımların mümkün nəticələrindən qorxaraq qərar verməyə məcburdur.

Mənbə: Sputnik Ermənistan