“Xarici dövlətlər Azərbaycan Prezidentindən siyasi məsləhətlər alır”

“NATO-nun baş katibi Stoltenberq Azərbaycanın yox, Avropanın problemləri ilə bağlı  Prezident İlham Əliyevə zəng edib”

“Polşa rəsmiləri də ölkə rəhbərimizlə telefon görüşündə olub. Prezidentimizin Ukrayna və Rusiya səfəri də göstərir ki, ölkəmiz Avropanın maraqlarına ciddi təsir göstərir”

“Bu təsir müsbətdir ki, Aİ nümayəndələri ölkəmizin bu siyasəti davam etdirməsi istiqamətində dəstək verməyə hazır olublar”


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. O qeyd edib ki, Avropa İttifaqının (Aİ) bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazırdır.  T.Klaar Azərbaycana səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda öz müqəddaratını həll edir. Artıq  öz istəklərinə addım-addım yaxınlaşır. Avropa ölkələri ölkəmizlə danışıqlar aparır, müəyyən razılaşmalar əldə edir, siyasi gedişlər həyata keçirilir. 

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki,  xarici işlər naziri yanında görüş ona dəlalət edir ki, bizim Avropa Birliyi ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir:

“Bu, çox məntiqlidir. Ona görə ki, xüsusilə, müharibədən sonra Azərbaycan fərqli və güclü Azərbaycandır. Regionda söz sahibiyik. Dövlətimiz elə geosiyasi mövqeyə malikdir ki, onsuz hər hansı məsələlər  həyata keçirilə bilməz. Nəzərə alsaq ki, region AB üçün strateji əhəmiyyət kəsb edir. 4 fevralda Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda iclas keçirildi. Biz eşitmişik ki, bir Avropa emisarı gələr. İki emisarı iştirak edib. Bu, Azərbaycanın roluna və çəkisinə dəlalətdir. Bu, birinci məsələdir. İkinci məsələ isə, bu gün Azərbaycanın nümayiş etdirdiyi davranış, yəni siyasəti, ölkələrlə münasibəti ilk öncə Avropanın özünə lazımdır”.

Parlamentari xarici dövlətlərin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə siyasi cəhətdən məsləhət almalarını vurğulayıb:

“NATO-nun baş katibi Stoltenberq  Azərbaycanın yox, Avropanın problemləri ilə bağlı  Prezident İlham Əliyevə zəng edib. Polşa rəsmiləri də ölkə rəhbərimizlə telefon görüşündə olub. Prezidentimizin Ukrayna və Rusiya səfəri də göstərir ki, ölkəmiz Avropanın maraqlarına ciddi təsir göstərir. Bu təsir müsbətdir ki, Aİ nümayəndələri ölkəmizin bu siyasəti davam etdirməsi istiqamətində dəstək verməyə hazır olublar. Bir neçə məqam var. Məsələn, minaları təmizləmək üçün maddi yardım, itkin düşmüş insanlarla bağlı Ermənistanın cavabı, konkret maliyyə institutlarının Azərbaycanla işləməyə başlaması və s. Həmçinin rəsmi İrəvanla sülh müqaviləsinin bağlanması, delimitasiyanın aparılması və s. AB-nin və Avropa ölkələrinin maraqlarına, inkişafına, təhlükəsizliyinə təsir göstərən məsələlərdir. Ona görə də, yenidən müqavilə bağlanmasına səy göstərirlər”.

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki qələbəmiz  dünyadakı prosesləri dəyişib:

“İllərdir, Türkiyə və Ermənistan arasında münasibətlər yox idi. İndi isə, bu əlaqələr formalaşmağa başlayıb. Eyni zamanda İsrail və İranla münasibətlərimiz yaxşılaşıb. Şərqlə əlaqələr ən yüksək səviyyədədir. Qoşulmama Hərəkatına rəhbərlik etməsi ölkəmizin inkişafını göstərir. Ona görə də, Ermənistana  kənar amillər təsir göstərir. Qarabağda separatçılar və revanşist qüvvələr yetişdirilir”.

 Cəmilə ƏZİM