"Bir az da səbr edək, əziz soydaşlar"

Əlisahib Hüseynov: "Öz doğma yurdumu görmək üçün inanın ki, burnumun ucu göynəyir"  

"Ancaq indiyə qədər qanunsuz yolla səfər etməyə bir dəfə də olsun səy göstərməmişəm"

"Müğənninin, məmurun, deputatın, həkimin, QHT rəhbərlərinin, partiya sədrlərinin gözləri qara deyil ki, kefləri istəyəndə durub icazəsiz-flansız işğaldan azad olunmuş rayonlara getsinlər, oradan selfilər çəksinlər, "kabab məclisləri"nin videogörüntülərini paylaşsınlar, cəmiyyətə pis nümunə olsunlar".

Bu sözləri "Şərq"ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, hər birimiz cəmiyyətə yaxşı mənada örnək olmağa çalışmalıyıq: 
"Hamımız qanun qarşısında məsuliyyətimizi hiss etməliyik. 

Bu baxımdan, mən işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını, cərimə edilmələrini və ya həbs olunmalarını düzgün hesab edirəm. Daxili İşlər Nazirliyinin bu cür şəxslərə qarşı prinsipial mövqe tutması təqdirəlayiq haldır. 

Qarabağdan, Şərqi Zəngəzurdan olan insanlarımızın torpaq, yurd həsrətini yaxşı başa düşürəm. Çünki özüm də işğaldan azad edilmiş rayonlardan birinin sakiniyəm. 

Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Vaxtilə uğrunda vuruşduğum torpaqlara səfər etmək, öz doğma yurdumu görmək üçün inanın ki, burnumun ucu göynəyir. 

Ancaq indiyə qədər nə Ağdama, nədəki Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarımıza qanunsuz yolla səfər etməyə bir dəfə də olsun səy göstərməmişəm. Gəlin bir az da səbr edək, əziz soydaşlar. İnşallah Böyük Qayıdışımız mütləq baş tutacaq, xəyallarımız gerçək olacaq".