Aya getmək...


Türkiyəli məşhur şair Can Yücelin çox sevdiyim bir şeiri var- "Gitmek". Müəllif deyir ki, hər kəs harasa- səssiz- sakit, gündəlik qayğılardan uzaq bir yerə getmək istəyir. Amma heç də hər kəs bunu bacarmır. Çünki hər şeyi, hər kəsi qoyub getmək asan deyil, cəsarət istəyir...

 Şair o qədər haqlıdır ki... Yəqin, bu arzu hər birimizin ürəyindən keçib nə vaxtsa. Qələbəlikdən, qaçhaqovdan, zənglərdən, çağırışlardan... qurtulub getməyi hər birimiz istəmişik. Ürəyimizdən çox uzaqlara bir yerə getmək keçib. Amma çox uzağa. Lap çox. Məsələn, Aya. Mən uzun müddət hər gecə bu arzu ilə yatmış, hər səhərimi bu istəklə açmışam. Arzumda bir dəfə belə olsun tərəddüd etməmişəm. Çox inanmışam çünki. Ürəkdən inanmışam. Bütün varlığımla! 

 İndiyədək Aya gedənlər olub. Kosmonavtlar üçün bu, o qədər də çətin deyil. Daha doğrusu, onların işidir. 1968-ci ilin Milad gecəsi NASA kosmonavtları Bil Anders, Franks Borman və Cim Lovel o vaxta qədər heç kəsin etmədiyini edərək Ayın orbitinə səfərə çıxdılar.

 Sonradan müxtəlif kosmonavtlar da eyni təşəbbüsü təkrarladılar. Ancaq həmin kosmonavtların hər biri sonradan açıqlamalarında çox həyacanlandıqlarını, daxili təlatümlər keçirdiyini deyiblər. Söyləmək istədiyim odur ki, Aya, belə demək mümkünsə, göyün yeddinci qatına, ən çox xoşbəxt olduğun, olacağını yerə getmək asan başa gəlmir. Çox şeyi gözə almalı, çox şeydən keçməyə hazır olmalısan. Şair demiş, bu, bir ömür üçün bir ömür verməkdir, bəlkə də.

Aya getmək... Gözəl, romantik səslənir. Amma bu, yuxarıda dediyim kimi, kosmonavtlardan başqa hər kəs üçün mümkünsüzdür. Bunu uşaq da bilir. Bir il əvvəlki özümün əvəzinə olsam, heç baş qoşmazdım bu arzuma. Görünür, illüziyada olmuşam, ola bilsin, eyforiyaya qapılmışam. Lakin peşman deyiləm. Həmin günləri vaxt itkisi də hesab etmirəm. Yenə də Can Yücelin sözləri ilə desək, getdiyim olmadı heç, amma olsun, istəmək də gözəl...

Kənan Novruzov