“Şuşa şəhərinə 2-ci avtomobil yolu yüksək sürət və keyfiyyətlə inşa edilir”

2021-ci ildə Goranboy rayonunda 17,7 km, Daşkəsən rayonunda 1,5 km, Naftalan şəhərində 16 km, Tərtər rayonunda 9 km olmaqla ümumilikdə 44,2 km asfalt-beton örtüklü avtomobil yolu və 2 körpü bərpa edilib.

Oxu.Az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib. 

O bildirib ki, erməni vandalları işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində avtomobil yolları da daxil bütün infrastrukturu demək olar ki, məhv edib:

“Bu səbəbdən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516,3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam edir. Habelə Laçın rayonu ərazisində Qorçu hava limanının tikiləcəyi ərazidə qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilib. 

Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi, Azərbaycan Respublikasının Prezidentinin və Birinci vitse-prezidentinin 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.

Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilmişdir. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.      

Qarabağımızda icra olunan digər yol infrastrukturu layihələri kimi, Füzuli Beynəlxalq Hava limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81,6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolu yüksək sürət və keyfiyyətlə inşa edilir”.