Səs verməyəcək... - Erkin Qədirli layihənin əleyhinə çıxdı


"Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantına 66 düzəliş edilib


  Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub. İclasda komitə sədrləri, siyasi partiyaların üzvləri iştirak ediblər. Məlumat üçün bildirək ki, ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada parlamentə təqdim edib. Bununla yanaşı, parlamentdə yeni qanun layihəsi ilə bağlı dinləmələr də baş tutub. Dinləmələrdə səsləndirilən və təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb. Qanun layihəsi 6 fəsil və 30 maddədən ibarətdir. 

"Əsas təkliflər daha çox rəqəmlərə yönəlmişdi"

  Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantına dəyişikliklərin səbəbini açıqlayıb. O deyib ki, qanun layihəsinin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Bura texniki düzəlişlər də daxildir: "Düzəlişlər həm mahiyyət, həm də texniki baxımdan olub. Qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak ediblər. Əlbəttə ki, qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyırdı. Bu baxımdan yeni qanun layihəsi hazırlandı. Qeyd etdiyim bu dəyişikliklər nədən meydana çıxdı?! Əsas təkliflər daha çox rəqəmlərə yönəlmişdi. Bir sıra təkliflər var idi ki, bir sıra məsələlərdə zaman çoxalsın, bir sıra hallarda zaman azaldılsın. Yəni burada partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi, reyestrdən keçməsi və s. üçün müddətlərlə bağlı düzəlişlər edilib. Ümumilikdə, qanun layihəsinə münasibət pozitivdir. Parlamentdə təmsil olunan bir partiya xaric, digərlərinin nümayəndələri plenar iclasda layihəyə səs verəcəyini bildirdi. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”.

“Siyasi partiyalar haqqında” yeni qanun zəruri idi

  Parlament sədrinin müavini Fəzail İbrahimli deyib ki, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar həyata keçirilir. Sistemli xarakter alan bu dəyişikliklər cəmiyyətin bütün sahələrini əhatə edir: "Milli Məclis də qanunvericilikdə bu təşəbbüsə qoşulmalı idi. Ona görə də Milli Məclisdə təmsil olunan siyasi partiyalar belə qanun layihəsinin hazırlanmasının zəruri olduğunu əsaslandırdı. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zəruri idi. Hazırda mövcud olan "Siyasi partiyalar haqqında” qanunun qəbulundan 30 il vaxt keçib. 1995-ci ildə Konstitusiyamız qəbul edilib, cəmiyyətin qanunları köklü şəkildə dəyişib”. F.İbrahimli nəzərə çatdırıb ki, qanun layihəsinin ilkin variantının 18 maddəsinə 45 dəyişiklik edilib, amma bu da son deyil: “İlkin variantla bu gün təqdim olunan layihə arasında da kifayət qədər fərq var, təkmilləşdirilib”.

"Ümumiyyətlə, 13 və 14-cü maddələr qanun layihəsindən çıxarılmalıdır"

  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev partiya üzvlərinin telefon nömrələrinin reyestrə daxil edilməsinə qarşı çıxıb. Deputat bildirib ki, partiyanın internet portalı yarada bilməməsi ilə bağlı müddəa da absurddur: “Ümumiyyətlə, 13 və 14-cü maddələr qanun layihəsindən çıxarılmalıdır. Partiyalara göstəriş verilir ki, partiyanı necə idarə etsinlər! Buna partiya özü qərar verməlidir. Burada idarə heyətinin, sədrin olması tələb kimi qoyulur. Bu, hansı məntiqə sığır? Bu maddələrdəki məsələləri partiyalar özü həll etməlidir, xırdalıqlara getmək düzgün deyil. Yerli təşkilatlarla bağlı layihədə olan tələb çox vacib məsələdir. Bizdə çoxlu etnik xalq yaşayır. Bu qanunla onların hər biri partiya yarada, xaricdən belə insanlar məqsədyönlü şəkildə ortaya atıla bilər. Partiyanın mərkəzi orqanının Bakıda olması məsələsinə də baxmaq lazımdır. Üzvlərlə bağlı tələblər layihədə var, üzvlərin telefonlarının reyestrə daxil edilməsi tələb kimi qoyulur. Telefon nömrəsi bir növ məxfidir. Bu məsələdən YAP xüsusilə narazı olmalıdır. Çünki hamı onda nazirlərin nömrəsini biləcək. Digər məsələ isə maliyyə yardımı ilə bağlıdır. Dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizinin parlamentdə təmsil olunan partiyalar arasında bölünəcəyi deyilir. Niyə? Bunu 60 faiz edək. Bu, YAP-ın dövlət büdcəsindən maliyyələşməsinə daha çox oxşayır. Biz bu yardım məsələsinə baxmalıyıq”.

"Epidemiya, hərbi vəziyyət dövründə partiyalar onlayn işləyə bilər"

  Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, qanunun qəbul olunması yeni dövrün tələbidir, qələbəmizdən sonra irəli gələn zərurətdir. Deputat bildirib ki, Azərbaycanda bir hakim partiya var: “Siyasi partiyanın məqsədi iqtidara gəlmək olmalıdır. Bu da indiki durumda real deyil. Bu zaman partiyalar dövlət işinə fayda verməyi düşünməlidir. Partiya təsis olunub, amma yenidən bizdən təsis qurultayı keçirməyimizi istəyirlər. Qanunun geriyə qüvvəsi yoxdur. Bunu artıq anlamalıyıq”. F.Mustafa hesab edir ki, layihəyə epidemiya, fövqəladə vəziyyət, hərbi vəziyyət dövründə partiyaların fəaliyyətinin dayandırılmaması ilə bağlı maddəni əlavə etməyimiz faydalı olar: "Partiyalar onlayn qaydada da işləyə bilər".

“Ruhi xəstələrin partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır”

  Deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, ruhi xəstələrin siyasi proseslərdə və partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır: "Müəyyən məqamlar var ki, hansısa qanun tərəfindən həm partiya yaradıcılarına, həm də siyasi fəaliyyətlə məşğul olan şəxslərə məhdudiyyət qoyulur. Misal olaraq, dini ekstremizm və dini siyasi proseslərdən kənarlaşdırmaq. Buna böyük ehtiyac var. Bununla yanaşı, xarici ölkələrin Azərbaycanın siyasi sisteminə qoşulmasına imkan verməmək məntiqli və zəruridir”. O qeyd edib ki, ruhi xəstələrin siyasi proseslərdə və partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır: “Bunu araşdırmaq elə də çətin deyil. Çünki ölkədə həmin şəxslərin hamısı qeydiyyatdan keçib. Lakin bir sıra məqamlar var ki, dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır”. 

"Bütün məhdudiyyətlər qanun layihəsindən çıxarılmalıdır"

  A.Mollazadə əlavə edib ki, bütün məhdudiyyətlər qanun layihəsindən çıxarılmalıdır: “Məqsədə çatmalıyıq, Azərbaycanı demokratik dövlət kimi inkişaf etdirməliyik. Məsləhət görərdim ki, Venesiya komissiyası ilə birgə işləri bərpa edilsin. Beynəlxalq təşkilatlara qanunun yaradılma məqsədi, Azərbaycanda həyata keçirilən siyasi islahatların zərurəti ilə bağlı işlərin davamına ehtiyac var. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin nüfuzunu artıra bilər”.

"Olduğu kimi yazılacaq"

Deputat Erkin Qədirli layihəni kökündən yanlış saydığından vaxt almaq niyyətində olmadığını söyləyib: "Sadəcə, burada yazılsın ki, qanun layihəsinə qarşıyam və plenar iclasda əleyhinə səs verəcəyəm”. İclasa sədrlik edən Fəzail İbrahimli isə deyib ki, narahatlığa əsas yoxdur: “Olduğu kimi yazılacaq”.

"Avropada seçkilərdə iştirak etməyən partiyaların fəaliyyətinə xitam verilir"

  Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, məqsəd Azərbaycanda çoxpartiyalı sistem yaratmaqdır. Hazırda Azərbaycanda 50-dən çox siyasi partiya var: "Siyasi partiyaların rolu cəmiyyətdə artmalıdır. Bu gün Avropada seçkilərdə iştirak etməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir. Amma görün belə demokratik müddəanın bura salınmasına partiyalar razıdırmı? Partiyalara dövlət büdcəsindən maliyyə yardımı məsələsini dedilər. Maliyyə yardımının 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında, 50 faizi isə parlamentdə təmsil olunan partiyaların deputatlarının sayına görə bölünür. Dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması ilə bağlı Qüdrət Həsənquliyevun söylədiklərinə gəlincə, mən məntiqi başa düşə bilmədim. Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?! Dövlət qulluqçusunun da birləşmək hüququ var”.

"Layihədə ən çox tənqid olunan müddəalar çıxarılıb"

  Deputat Ceyhun Məmmədov isə qeyd edib ki, Azərbaycanda siyasi partiyalara münasibət dövlət səviyyəsində yüksək səviyyədədir: "Əvvəlki layihədə ən çox tənqid olunan müddəalar çıxarılıb. Təsisçilərlə bağlı 20 il ölkədə yaşamaq tələbi də artıq yoxdur, üzvlərin sayı ilə tələb iki dəfə azaldılıb. Bu gün Azərbaycan Vətən müharibəsində qələbədən sonra yeni mərhələyə qədəm qoyub. Müzakirələr müzakirə xətrinə deyil, real əməkdaşlıq məqsədilə aparılırdı. Yenilənmiş variantda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər nəzərə alınıb. Qanun Azərbaycanda siyasi mədəniyyətin güclənməsinə, insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi töhfə verəcək".