Bakıya güvən sonsuzdur

Azərbaycan ən yaxşı halda Kosovo ilə Serbiya arasında vasitəçilik missiyasını təqdim edə bilər

  Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri çərçivəsində iki ölkə arasında mühüm sənədlərə imza atılıb. Bununla yanaşı, Azərbaycan-Serbiya arasında "Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum” da imzalanıb. Serbiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yaxşı olub. Rəsmi Bakı Belqradın ən çətin günlərində belə dəstəyini hiss etdirib. Hətta Bakı koronavirusla mübarizə üçün Belqrada bir neçə dəfə humanitar yardım da göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini bu günə qədər tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Rəsmi Bakı ilə Belqrad arasında münasibətlər bu gün də yüksək səviyyədədir. Təsadüfi deyil ki, ölkə başçısı Prezident İlham Əliyev həm Prezident Aleksandar Vuçiç ilə, həm də Baş nazir Ana Brnabiç ilə təkbətək görüş zamanı “Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik” deyib.

Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Ekspertə görə, Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib: 

"Mövcud ticarət dövriyyəsinin daha da artırılması nəzərdə tutulub. Bundan başqa, Serbiya Azərbaycan ilə qaz nəqli sahəsində də əməkdaşlıqda maraqlıdır. Rəsmi Belqrad digər Balkan ölkələri - Yunanıstan, Albaniya, Bolqarıstan, hətta Şimali Makedoniyanın Azərbaycandan daha sərfəli və keyfiyyətli qaz almasının fərqindədir. Yunanıstan-Bolqarıstan internkonnektoru istifadəyə verildikdən sonra Serbiyanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.
Serbiyanın coğrafi mövqeyi gələcəkdə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunu daha da artıra bilər: "Prezidentin Serbiyaya səfərinin ən diqqətçəkən məqamı, heç şübhəsiz, Serbiya Prezidenti Aleksandr Vuçiçin Prezident İlham Əliyevlə ikili görüş zamanı sərf etdiyi ifadələr oldu. Serbiya Prezidenti “Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük” deyərkən bir müddətdir yenidən alovlanan Kosovo münaqişəsinə diqqət çəkir. Məlum olduğu kimi, Serbiya Kosovo ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. 

Kosovo noyabrın 21-dən etibarən ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərar qəbul edib. Kosovo hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı yerlərə göndərib. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir. Vuçiç böyük ehtimalla serb-alban silahlı toqquşmasından çəkinir və “biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” sözləri ilə açıq şəkildə Azərbaycan Prezidentinə “mən nə etməliyəm” sualını ünvanlayır. Düzdür, Kosovo və keçmiş Qarabağ münaqişələri eyni olmasa da, Serbiyanın üzləşdiyi problem 44 günlük Vətən müharibəsində Azərbaycanın üzləşdiyi problemlə eynidir. Vuçiç yaxşı bilir ki, Qərb bu məsələdə Kosovoya açıq şəkildə dəstək verir. Belqrad isə proseslərin gərginləşməsində maraqlı deyil. Çünki Kosovonun təkbətək müharibədə Serbiyaya qalib gələ bilməyəcəyi kimi rəsmi Belqrad da Kosovoya hərbi müdaxilə edə bilməz". 

  Analitikə görə, Kosovoda NATO-nun sülhməramlı qüvvələrinin mövcudluğu Belqradın əl-qolunu bağlayan digər bir faktordur:

 "Kosovonun şimalında stabilliyə hər hansı təhlükə yaranacağı təqdirdə NATO müdaxilə etməyə hazır olduğunu bildirib. Rəsmi Bakı Kosovonun müstəqilliyini bu günə qədər tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Lakin Serbiyanın müsəlman Kosovo albanlarının hüquqlarına da hörmət etdiyi bəllidir. Azərbaycan ən yaxşı halda Kosovo ilə Serbiya arasında vasitəçilik missiyasını təqdim edə, mövcud gərginliyin azalması istiqamətində diplomatik dəstək nümayiş etdirə bilər".