Xırdalan şəhərinə metro xətti hava-su kimi lazımdır


Bakıda 9 yeni stansiyanın tikintisi ictimai nəqliyyatın yükünü azaldacaq

  Bakıda doqquz yeni metro stansiyası tikiləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "ATV Səhər"ə proqramında bildirib. Onun sözlərinə görə, yeni stansiyalardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyaları arasında yerləşəcək. İki metro stansiyası Ziya Bünyatov prospektinin, üçüncüsü isə “Koroğlu” stansiyasının yaxınlığında tikiləcək. Digər yeni stansiyalar Ağ Şəhərdə, NSZ qəsəbəsində, eləcə də köhnə avtomobil zavodunun yaxınlığında tikiləcək.

  Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, "Koroğlu" metrostansiyasından aeroporta qədər olan məsafə təxminən 26 kilometrdir. Bu iki ərazini birləşdirən metro xətti tikilsə, azı 6-7 nöqtədə yeni metro stansiyaları açılar. Ona görə də aeroporta metro xətti çəkmək olduqca vacibdir.
  Aslan Əsədov əlavə edib ki, hazırda ölkəmizdə nəqliyyatın intellektual idarəetməsi tam təşkil olunmayıb: "İntellektual idarəetmə o demək deyil ki, hər yerə kameralar quraşdırıb müşahidə etsinlər. Bu, o deməkdir ki, insanların sıx yaşadığı ərazilərlə nəqliyyatın düzgün təşkili təmin olunsun". O vurğulayıb ki, paytaxt yollarında sıxlığı aradan qaldırmaq üçün Xırdalan şəhərinə metro xətti hava-su kimi lazımdır:

"Düzdür, Xırdalan ərazisindən elektrik qatarı keçir. Ancaq hər kəs bu nəqliyyat növündən istifadə etmir. 

Buna ancaq Bakıxanov, "28 May" metrosu tərəfə gedənlər minir. Lakin hazırda Xırdalandan "20 Yanvar"a nə qədər avtobus gəlir. Hamısı da həm yollarda tıxac yaradır, həm də elə özü tıxacda qalır. Buna görə də Xırdalanda ən azı 2 metro stansiyası olmalıdır. Bundan başqa Badamdar, Bayıl, 20-ci sahə istiqamətlərində də metronun olmağı vacibdir. Biz tədbirlər keçirilən vaxtlarda baxırıq ki, Şəhidlər xiyabanı tərəfdə insan sıxlığı müşahidə edilir".

  Daha sonra ekspert metro xəttinin vacib olduğu ərazilərdən biri kimi Yeni Yasamalın adını xüsusi vurğuladı: "Yeni Yasamal və Alatavanın yuxarı hissəsinə də metro çəkilməlidir. Bu ərazilərdə təxminən 25-30 min əhali yaşayır. İnsanların sayı da günü-gündən artır. Buna görə ən azından Yeni Yasamala metro vacibdir. Aeroporta metro çəkilməsi məsələsinə gəldikdə isə "Koroğlu" metrosundan bura qədər olan əraziyə metro çəkilsə, bir neçə qəsəbə və ərazidən - Sabunçu, Suraxanı, Şuşa şəhərciyi, Binə qəsəbəsi tərəflərə metro xətti keçər. Əgər bu baş tutsa, 6-7 yeni metro stansiyası tikilər. Aradakı məsafə 26 kilometrdir. Bu, az məsafə deyil".

  Nəqliyyat eksperti Eldəniz Cəfərov isə “Şərq”ə  açıqlamasında deyib ki, Bakı şəhərində əlavə  9 metro stansiyasının tikilməsi xəbəri şəhər sakinləri üçün olduqca sevindirici  xəbərdir: 

“Hesab  edirəm ki,  yeni stansiyalar Bakı Metropoliteninin İnkişaf konsepsiyası əsasında həyata keçirilir. Hansı ki 2027-ci ildə bir, 2040-cı ildə isə ikinci fazanın  həyata keçirilməsi nəzərdə tutulur. 

Düşünürəm ki, iri sənaye və paytaxt şəhəri olan Bakının  hər bir nöqtəsinə metro xətlərinin çəkilməsi məqbul sayılar. 

Amma təkcə bizim istəyimizlə yox,  yeraltı relyefin imkanları daxilində həyata keçiriləcək. Yeraltı nəqliyyat vasitəsinin sayının çox olması nəqliyyat sahəsindəki mövcud problemlərin həlli baxımından böyük üstünlükdür. 

Yeni stansiyaların əhalinin sıx məskunlaşdığı ərazilərə yaxın inşa edilməsinə diqqət edilməlidir. Yeni stansiyaların tikintisi planlaşdırılarkən elmi təhlillər aparılmalıdır.

 Elə etməlidirlər ki, yeni stansiyalar sərnişin sıxlığının azaldılmasına xidmət etsin. Bununla yerüstü ictimai nəqliyyatın yükü də azalar, əhali tıxaclardan çox əziyyət çəkməz”.