Azərbaycan qadınları zəlzələdə ailəsini itirmiş körpələrə sahib çıxmaq istəyir

Lakin bu məsələlər asan deyil, prosedur qaydalar var və körpələrə qoruyucu ailə olmaq istəyənlər bu qaydalara əməl etməlidir


  Qardaş Türkiyədə zəlzələ dağıntıları altından sağ çıxarılan körpələrə Azərbaycan qucaq açmağa hazırdır. Azərbaycan anaları, ailələr zəlzələ bölgəsindən paylaşılan fotolardakı körpələri görüncə “bu, körpəni bizə verin!” şərhini yazır. Neçə-neçə  qadın bu cür şərhlər yazaraq körpə balalara isti yuva, etibarlı ailə olmaq istədiklərini dilə gətirirlər. Bu arada Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələ nəticəsində ailəsi vəfat etmiş və ya ailəsi hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac olduğunu açıqlayıb.  

Qeyd olunub ki, müraciət edən namizəd ailələr “e-Devlet” portalı vasitəsilə və ya zəlzələ zonasından kənarda yaşadıqları ərazi üzrə nazirliyin rayon şöbələrinə müraciət edə bilər. Nazirlik indiyədək zəlzələ zonasında ailələri tapılmayan, yetkinlik yaşına çatmayanlar üçün yeganə səlahiyyətli qurumdur. Sözügedən nazirliyin açıqlaması Azərbaycan ailələri üçün ümid işığını daha da artırıb. Sadəcə, qalır məsələnin prosedur qaydaları. Azərbaycanlı ailələr hara, hansı halda müraciət edə bilər, körpələrə qoruyucu ailə olmaq üçün hansı şərtlər tələb olunur? Teleqraf.com saytı məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı  səfirliyinə müraciət edib. Sorğuya cavab olaraq bildirilib ki, Türkiyə hüdudlarından kənar ölkələrdən qoruyucu ailə tələbi ilə bağlı təlimat yoxdur. Lakin Azərbaycan vətəndaşları da zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti olaraq qoruyucu ailə olmaq üçün müraciət edə bilər.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında hazırda zəlzələ bölgəsindəki gərginlik nəzərə alınmaqla bu cür məsələlərə həssas yanaşma tələb edildiyini xatırlatdı: 
- Qardaş ölkədə zəlzələ baş verəndən bu günədək bütün xalqımız ayaq üstədir, qardaşlarımıza yardım etməyə can atırlar. Yardım kampaniyalarının davam etdiyini, insanlarımızın canıyla, ruhuyla qardaş köməyini əsirgəmədiyi bəllidir. Azərbaycan qadınlarının, anaların zəlzələdə ailəsini itirmiş körpələrə sahib çıxmaq istəyi, buna can atmaları ən təbii hisslərdir. Lakin bu məsələlər asan deyil. Prosedur qaydalar var və körpələrə qoruyucu ailə olmaq istəyənlər bu qaydalara əməl etməlidir. Övladlığa götürmə məsələlərinə hazırda  Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində Sosial Xidmətlər Agentliyi baxır. Körpələrə sahib çıxmaq istəyənlər DOST Mərkəzinə də müraciət edə bilər. Amma bu, sadə iş deyil. Ailələr mütləq araşdırılmalıdır. Körpə kimə, hansı ailəyə təhvil veriləcək, ailənin maddi durumundan əlavə, həmin ailədə neçə uşaq böyüyür, uşaqlara nəzarət varmı, düzgün tərbiyə alırlarmı, zorakılıq halları qeydə alınıb, alınmayıb, qohumlardan, qonşulardan, ailə başçılarının çalışdığı müəssisədən onların sosial-psixoloji durumu öyrənilməlidir. Körpələri himayə etmək istəyən ailə güvənli, etibar edilə bilən olmalıdır. Yəqin ki, Türkiyə hökumətinin elektron informasiya bazası mövcuddur, proqrama uyğun da hərəkət ediləcək. Çünki gərgin zamanlarda insan ticarətçiləri də aktivləşir.  Körpələrin bu cür çirkin əllərə düşməməsi üçün ehtiyatlı davranmaq lazımdır. Belə məsələlərdə tələsik, emosional qərar vermək yanlış olar. Körpələrə qoruyucu ailə olmaq istəyənlər də öz imkanlarını nəzərə alıb, sonra müraciət etməlidirlər. Ümumiyyətlə, Azərbaycan ailələrinin xarici ölkələrdən körpə qəyyumluğa götürməsi təcrübəsi mövcuddur. Zəlzələ nəticəsində ailəsini itirmiş körpələrə xalqımızın sahib çıxmaq arzusunu alqışlayıram. Lakin ailələrin araşdırılması, sonra qərar verilməsi mütləqdir. O körpələr dəhşət yaşayıb, hazırda çox həssas durumdadırlar. Onların mehriban ailəyə, isti yuvaya ehtiyacları var. Amma mütləq ehtiyat tədbirləri görülməlidir.