“Elektron məhkəmə”nin üstünlüyü çoxdur


Amma bunun problem yaradan tərəfləri də var

“Elektron məhkəmə sistemi tətbiqi yazılı müraciət qaydası və ya əyani şəkildə məhkəməyə müraciət məlumatların əldə edilməsini tamamilə sıradan çıxarmamalıdır”

  Artıq məhkəmələrin 80 faizə qədərində tətbiq edilən "Elektron məhkəmə" sisteminin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur. Bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilib və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılıb. 

Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə verilib. "Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirilməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.  Eyni zamanda məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılıb, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılıb. Artıq məhkəmələrin 80 faizə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur", - deyə F.Məmmədov əlavə edib. Elektron məhkəmə hüquq sisteminin təkmilləşməsində, həmçinin məlumatlara əlçatanlığın artırılmasına nə dərəcədə kömək edəcək? 

  Elektron məhkəmə sisteminin təkmilləşməsi barədə “Şərq”ə danışan vəkil Adəm Məmmədov qeyd etdi ki, bu, müasir dövrdə tələb olunan yenilikdir:  

- Dövrün tələbləri dəyişir, eləcə də məhkəmə-hüquq sistemində yeniliklər labüddür.  Pandemiya şəraitində gördük ki, elektronlaşdırma zəruri hal aldı. Məsafədən idarəetməyə keçiddə elektron sistemlərin, elektron məlumat bazasının aktiv olması həm hüquqşünaslara, həm də vətəndaşa əlavə imkanlar verir. “Elektron məhkəmə”nin üstünlüyü bundadır ki, vətəndaş məhkəmə binasına gəlmədən, elektron sistemə daxil olub hər hansı məhkəmə baxışı, məhkəmə proseslərinin vaxtı barədə məlumat əldə edə bilir. Məhkəmə proseslərinin onlayn izlənməsinə də şərait yaranır. Məsələn, biz vəkillər məhkəmə prosesinə qatılmadan prosesi izləyə bilirik. Üstünlükləri var, amma problem yaradan tərəfləri də var. Hesab edirəm ki, elektron məhkəmə sistemi tətbiqi yazılı müraciət qaydası və ya əyani şəkildə məhkəməyə müraciət, məlumatların əldə edilməsini tamamilə sıradan çıxarmamalıdır. 

Yeni qaydalara, elektron sistemə uyğunlaşmaq üçün vətəndaşlara zaman tanınmalıdır. Yenilik tətbiq edilməzdən öncə maarifləndirmə işi aparılmalıdır. Hamının düşüncəsi eyni deyil. Vətəndaş elektron məhkəmə sistemi ilə, ondan istifadə qaydası ilə tanış olmaya bilər və ondan istifadə etməkdə çətinlik çəkər. Ona görə də vətəndaşları əvvəlcə maarifləndirmək, “Elektron məhkəmə” sistemindən istifadə qaydalarını öyrətmək lazımdır. “Elektron məhkəmə” sistemi vəkillərin də işini asanlaşdırır. Bu mənada ki, hakim proses gününü təyin edərkən elektron sistemə daxil olub prosesdə iştirak edəcək vəkilin həmin gün, həmin saatda başqa bir məhkəmə baxışında iştirak edib-etməyəcəyini dəqiqləşdirə bilir. 

Bununla da bir vəkilin eyni vaxtda 2 məhkəmə prosesinə çağırılması aradan qalxır. Bu, müdafiə işini, müvəkkilin hüquqi təminatını asanlaşdırır.