Protein tozuyla həyatda qaldılar


198 saat sonra dağıntılar altından çıxan 2 qardaş üzləri güldürdü

  Kahramanmaraş zəlzələsindən 9 gün – 198 saat sonra  dağıntılar altından çıxarılan 17 yaşlı Muhammed Enes və böyük qardaşı, 21 yaşlı Əbdülbaqi Yeninar həyatda necə qala bildiklərini anladıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Əbdülbaqi  “daxilən rahat idim. Xilas ediləcəyimi bilirdim. Dua edirdim. Dağıntılar altındaydıq, amma hava gəlirdi. O havanı sinəmə çəkdikcə çəkmək istəyirdim”, söyləyib. Əbdülbaqi 9 gün dağıntılar altında həyata bağlanmalarına səbəb olan vasitə barədə də danışıb: “Qardaşım əzələ yığmaq üçün protein tozu almışdı. Qidalandırıcıdı. Ondan istifadə etdik”. Mühammed Enes dağıntılar altından çıxarıldıqdan sonra anasını soruşub: “Anam necədi? Ondan nigaranıq. Zəlzələ baş verəndən sonra qardaşımla 2 gün ağladıq. Sonra bir yerdə böyüdüyümüz zamanları xatırlamağa, başımıza gələnlərdən bir-birimizə danışmağa başladıq”, - deyib. Qardaşlar Kahramanmaraş “Pınar” adı verilmiş yaşayış binasının sakinidirlər. Ərazidə çalışan xilasedicilər və mədənçilər dağıntılar altından səs gəldiyini eşidib, çalışmalara başlanılıb. Mədənçilər dağıntılar altındakı insanlara xilas yolu olan “donuz damı” üsulunu yenə tətbiq edərək 2 qardaşı da çıxara biliblər.  Həkimlər qardaşların sağlamlığının qənaətbəxş olduğunu bildirib. Qardaşların anası da 2 gün əvvəl dağıntılar altından çıxarılıb, ayaqlarında yara olduğu üçün xəstəxanaya yerləşdirilib. Qohumları isə onların zəlzələdə həlak olduğunu zənn edib, cənazələrinin çıxarılmasını gözləyirmiş. 2 qardaşın dağıntılar altından sağ çıxarılması bütün ölkəni sevindirib.